Adının açıqlanmasını istəməyən etibarlı mənbədən Sfera.az-a daxil olan məlumatlar “Azərbaycan Hava Yolları” QSC-də (AZAL) son dövrlərdə kadr siyasəti ilə bağlı narahatlıqların artdığını göstərir.


 


Mənbənin sözlərinə görə, şirkət daxilində yerli mütəxəssislərin sıxışdırılması və onların xarici kadrlarla əvəz olunması ilə bağlı ciddi iddialar səsləndirilir.


 


Prosesdə əsas fiqurlardan biri kimi AZAL rəhbərliyində təmsil olunan, əvvəllər "Turkish Airlines"də çalışmış Türkiyə vətəndaşı Aykut Alpanın adı hallandırılır. Mənbə iddia edir ki, şirkət daxilində onun peşəkar nüfuzu ilə bağlı birmənalı olmayan fikirlər mövcuddur və bəzi qərarların selektiv şəkildə tətbiq olunduğu düşünülür.


 


Anonim məlumatda o da qeyd olunur ki, müəyyən hallarda şirkət qaydalarının pozulmasına göz yumulur. Xüsusilə, ev heyvanlarının daşınması ilə bağlı qaydaların bəzi şəxslər üçün tətbiq edilmədiyi iddia edilir. Belə ki, qaydalara əsasən, heyvanlar uçuş müddətində xüsusi qəfəsdə saxlanılmalıdır. Lakin mənbənin sözlərinə görə, bəzi hallarda rəhbər şəxsin ailə üzvləri üçün istisnalar edilir və uçuş heyətinə bu məsələyə müdaxilə etməmək tapşırılır.




Bununla yanaşı, yerli pilot və texniki heyətin sıxışdırılması fonunda xarici mütəxəssislərin, xüsusilə Türkiyədən olan əməkdaşların işə cəlb edildiyi bildirilir. İddialara görə, xarici işçilərin əməkhaqqı yerli mütəxəssislərlə müqayisədə xeyli yüksəkdir ki, bu da kollektivdə narazılıq və motivasiya itkisinə səbəb olur.


 


Mənbə qeyd edir ki, oxşar tendensiyanın yaxın zamanda bort bələdçilərinə də şamil olunacağı ilə bağlı ciddi narahatlıq var. Əməkdaşlar hesab edir ki, gələcəkdə onların da xarici kadrlarla əvəz olunması mümkündür. Yeri gəlmişkən bort bələdçilərinin əməkhaqqının bir neçə ildir artırılmadığı da vurğulanır.


 


Daxildən daxil olan məlumatda daha bir diqqətçəkən məqam isə pilotlardan birinin vəfatı ilə bağlıdır. Bildirilir ki, AZAL-ın pilotu Nazim Əliyev yaxın zamanda dünyasını dəyişib. Onun yaxınlarının verdiyi məlumata görə, pilot qəfil vəfat edib və Bakıxanov qəsəbəsində dəfn olunub. Əməkdaşlar arasında yayılan iddialara görə isə onun uçuşlardan kənarlaşdırılması sonrası yaşadığı stress səhhətinə mənfi təsir göstərib.


 


Ümumilikdə, anonim mənbə şirkətdə aparılan kadr siyasətinin yerli mütəxəssislərin mövqelərinin zəiflədilməsinə yönəldiyi ilə bağlı fikir formalaşdığını bildirir. Bu isə kollektivdə ciddi narahatlıq və gələcəklə bağlı qeyri-müəyyənlik yaradır.


 


Qeyd edək ki, səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün AZAL-a sorğu ünvanlamaq planlaşdırılır. Məsələ ilə bağlı rəsmi açıqlama olduğu təqdirdə əlavə məlumat veriləcək.




Firuzə Əliyeva

Sfera.az