İran ətrafında artan gərginlik və xüsusilə Hörmüz boğazı ilə bağlı yaranan böhran fonunda beynəlxalq vasitəçilik məsələsi yenidən gündəmə gəlib. Son dövrlərdə müxtəlif ölkələrin, o cümlədən Pakistan, Türkiyə və Misirin vasitəçi kimi önə çıxması diqqət çəkir. Eyni zamanda, ABŞ və İran arasında dolayı təmasların davam etdiyi, lakin tərəflər arasında etimad böhranının hələ də qalmaqda olduğu bildirilir. Belə mürəkkəb geosiyasi şəraitdə böyük güclərin, xüsusilə Rusiyanın mümkün vasitəçi rolu yenidən müzakirə olunur. Tehranın Rusiyadakı səfiri Kazem Cəlalinin Moskvanın vasitəçiliyini müsbət qarşılayacaqlarını bildirməsi bu ehtimalları daha da aktuallaşdırır.




Maraqlıdır, Rusiya ABŞ-İran danışıqlarında vasitəçi ola bilərmi?




Politoloq Tural İrfan Sfera.az-a açıqlamasında bildirib ki, İran Rusiyanı vasitəçi kimi görmək istəyər. Onun sözlərinə görə, bunun nə dərəcədə mümkün olub olmayacağı sual altındadır:




“Ümumiyyətlə İranla ABŞ arasında danışanların olması indiki vəziyyətdə aktual olsa da mümkün görünmür. Olsa belə nəticənin meydana çıxması mümkünsüzdür. İsrailin yeganə marağı İran rejimini tamamilə devirmək, zərərsizləşdirməkdir. ABŞ liderinə İsrailin təsiri də məlumdur. Danışıqlar, atəşkəs kimi ifadələr müəyyən zaman qazanmaq üçün, beynəlxalq aləmin diqqətini yayındırmaq üçündür. Müharibənin qısa zamanda bitəcəyi təəssüratını yaratmaqla ABŞ özünə etimadı yeniləyir. Rusiya belə bir təşəbbüs edə bilər. Əslində İran Rusiyadan ABŞ ilə arada vasitəçi olması üçün imdad da diləyə bilər”.


 





Politoloq vurğulayıb ki, hazırda İranda demək olar ki, ölkənin mövqeyi diplomatiya ilə deyil, hərbi taktika ilə ifadə olunur:




“Silahlı qüvvələr dövlətin güc rıçaqlarını ələ keçirməklə sivil hakimiyyəti daha da təcrid ediblər. Ona görə səfirlərin, nazirlərin yaxud prezidentin açıqlamaları o qədər də ciddi qəbul olunmur. Hazırda müharibə ABŞ-nin müharibə nazirliyi ilə ilə SEPAH arasında gedir. Müəyyən məsələlərdən heç prezident Pezeşkiyanın məlumatlandırılmaması da sistemin əsas prinsiplərinə cavab verir. Odur ki, yanıldıcı, manipulyasiya xarakterli açıqlamalar müharibənin gedişinə təsir etməyəcək. ABŞ və İsrail tam istəyinə çatmayana qədər durmayacaqlar. Çünki bu fürsət bir daha ələ düşməyə bilər. İranın bütün Yaxın Şərqi terror burulğanına qərq etməsi İsraillə yanaşı ABŞ-nin maraqlarına xələl gətirir. Ona görə danışıqlarda İranın tərəfində olan Rusiyanın vasitəçiliyi qəbul edilə bilməz. Məlumdur ki, Çin, Rusiya İranı dəstəkləyir. Məzhəb fərqinə görə də İran Türkiyəyə etibar etmir. Hətta müharibədən əvvəlki Oman danışıqlarında Türkiyə İstanbulda görüş təklif etsə də İran bundan imtina etmişdi. Bu cür orta əsr təfəkküründə olan, qloballaşan sivil dünyadan özünü təcrid etmiş rejimin nüvə silahı istehsalı ilə baş-başa buraxılması dünya üçün fəlakət ola bilər. Odur ki, ABŞ məqsədə çatmamış danışıqlar vasitəsilə ilə geri şəkilə bilməz”.


 


Niyaz Hacıyev

Sfera.az