Son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə də güclü və intensiv yağıntılar insanları narahat edib. Qısa müddətdə baş verən bu cür hava dəyişiklikləri cəmiyyətdə müxtəlif ehtimalların yaranmasına səbəb olub. Bir çoxları hesab edir ki, bu hal yaz fəslinin ümumilikdə daha sərt və bol yağıntılı keçəcəyinin göstəricisi ola bilər. Sosial şəbəkələrdə və gündəlik müzakirələrdə də bu mövzu geniş şəkildə müzakirə olunur və hava proqnozlarına maraq artıb.
Mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli Sfera.az-a açıqlama verib. O, bildirib ki, bir neçə gün əvvəl yağan yağışa baxaraq, yazın və yayın da yağıntılı olacağını demək doğru deyil:
“Azərbaycam mülayim-subtropik qurşaqda yerləşir. Bu qurşağın öz xüsusiyyətləri var. Hazırda yaz fəslini yaşayırıq. Bahar fəsli hər zaman yağıntıların bol olur. Bu qurşağın əsas xüsusiyyətlərindən biri də budur. Qışda yağıntılar az olsa da, mart ayında yağıntılar oldu. Bizim coğrafiyada yağıntıları yaradan yerli hava şəraiti və daxil olan hava cərəyanlarıdır. Soyuq hava kütlələri daxil olduqda yağıntılar arta bilir. Şimal küləyi əsməsə belə, bu aylarda yağıntılar olur”.
Ekoloq qeyd edib ki, yaz fəslində çoxlu yağışların olacağını proqnozlaşdırmaq doğru deyil:
“Normal yağıntı olacaq. Abşeron yarımadasında yağıntı illik normanın üzərinə çıxmayacaq. Ölkə üzrə də eyni tendensiya olacaq. Yağıntılar olacaq, amma çox yağıntı gözlənilmir”.
Niyaz Hacıyev
Sfera.az