Avropanın yeraltı qaz anbarlarından mart ayında qaz çıxarılması son yeddi ilin ən aşağı səviyyəsində qeydə alınıb. Regionda qaz ehtiyatlarının doluluq səviyyəsi 28 faizdən aşağı enib.


 


Sfera.az “TASS” agentliyinə istinadən xəbər verir ki, hesablamalara görə, mart ayında Avropa anbarlarından çıxarılan qazın həcmi 5,7 milyard kubmetr təşkil edib. Bu göstərici son yeddi ilin minimumu hesab olunur. Eyni zamanda, anbarlara vurulan qazın həcmi rekord səviyyəyə çataraq 3,4 milyard kubmetr olub. 2026-cı ilin mart ayının sonunda Avropanın yeraltı qaz anbarlarının doluluq səviyyəsi 28 faizdən aşağı düşüb.


 


Bu göstərici ötən ilin eyni dövründə qeydə alınan 33,8 faizlə müqayisədə xeyli azdır və son beş ilin orta səviyyəsindən 12,93 faiz bəndi geri qalır. Ayın sonunda Aİ ölkələrinin anbarlarında təxminən 31 milyard kubmetr qaz ehtiyatı saxlanılıb. Avropa Komissiyasının anbarlara qaz vurulmasına tez başlamaq çağırışlarına baxmayaraq, regionda istilik mövsümünün davam etməsi ehtiyatların azalmasına təsir göstərib.


 


“Qazprom” daha əvvəl proqnoz verib ki, Avropanın yeraltı qaz anbarlarında ehtiyatlar növbəti istilik mövsümünə qədər 70 faiz səviyyəsinə çatmaya bilər. Ekspertlər hesab edir ki, Aİ ölkələri yaxın aylarda yeni qaz vurma mövsümünə başlayarkən qlobal LNG bazarında rəqabətin artması qiymətlərin yüksəlməsi riskini artıracaq.


 


Bəsti Rəfizadə


Sfera.az