ABŞ Prezidenti Donald Tramp İrana qarşı güclü zərbələr endiriləcəyini açıqlayıb.


 


Onun sözlərinə görə, ABŞ yaxın həftələrdə İranı ciddi şəkildə zəiflətməyi planlaşdırır: “Biz rəqibə son dərəcə güclü zərbə endirəcəyik. İki-üç həftə ərzində onları tamamilə zəiflətmək niyyətindəyik”.


 


ABŞ-nin İrana son həmlələri necə ola bilər?


 


Sfera.az-a bu barədə açıqlama verən politoloq Oqtay Qasımov ABŞ Prezidenti Donald Trampın son açıqlamaları əslində əvvəlki bəyanatlarından ciddi şəkildə fərqlənmədiyini deyib. Politoloqun sözlərinə görə, gözlənilirdi ki, o, İranla müharibənin başa çatdırılması üçün daha konkret şərtlər və zaman çərçivəsi açıqlayacaq:


 



 


“Lakin görünən odur ki, yenə də ənənəvi ritorika ilə kifayətləndi. Halbuki bir müddət əvvəl Tramp iki-üç həftə ərzində müharibənin bitəcəyini bildirmişdi. Bu günə qədər ABŞ və İsrail İranın müxtəlif istiqamətlərdə yerləşən mövqelərinə ciddi zərbələr endiriblər. Bu, danılmaz faktdır. Belə ki, İranın hərbi hava qüvvələri, hərbi dəniz qüvvələri, eləcə də hava hücumundan müdafiə sistemləri ciddi şəkildə sıradan çıxarılıb. Bundan əlavə, İranın raket potensialına da əhəmiyyətli zərbə vurulub. Xüsusilə raketlərin istehsalı və buraxılış sistemlərinin hədəfə alınması İranın potensialına ciddi zərbə ola bilər. Bununla yanaşı, görünən odur ki, İranda rejim dəyişikliyi baş verməyib. Baxmayaraq ki, rejimin əsas fiqurlarına qarşı zərbələr endirilib, mövcud hakimiyyət fəaliyyətini davam etdirməkdədir”.


 


O.Qasımov qarşıdakı dövrdə Donald Trampın əsas hədəflərinin bir neçə istiqamətdə formalaşa biləcəyini bildirib:


 


“Əgər müharibə daha iki-üç həftə davam edərsə, əsas diqqətin yenidən İranın raket potensialının zəiflədilməsinə yönələcəyi ehtimalı böyükdür. Bununla yanaşı, nüvə obyektlərinə əlavə zərbələrin endirilməsi, nüvə proqramı ilə bağlı müəssisə və mərkəzlərin yenidən hədəfə alınması da mümkün görünür. Eyni zamanda, Hörmüz boğazı ətrafında İranın mövqelərinə müəyyən zərbələrin endirilməsi də istisna edilmir. Quru əməliyyatlarının keçirilməsinə gəldikdə isə, bu variantın ciddi risklər daşıdığı aydındır. Bu baxımdan Donald Trampın belə bir qərar verib-verməyəcəyi hələlik açıq qalır. Çünki müəyyən iddialar səslənirdi ki, ABŞ İranın enerji resursları ixracının təxminən 90 faizinin həyata keçirildiyi Xark adasını nəzarətə götürmək niyyətindədir. Bundan başqa, Hörmüz boğazındakı bir sıra adaların nəzarətə alınaraq bölgədə sərbəst keçidin təmin olunması planlarının olduğu da iddia edilir. Lakin hazırkı mərhələdə bunlar təsdiqlənmiş ehtimallar deyil. Bununla belə, bölgəyə ABŞ-nin 82-ci hava-desant diviziyasının, eləcə də Yaponiyada yerləşən Okinava adasından təxminən 2500-ə yaxın dəniz piyadasının istiqamətləndirildiyi məlumdur. Bu da onu deməyə əsas verir ki, yaxın dövrdə konkret hədəflər üzrə zərbələrin endirilməsi davam etdiriləcək. Eyni zamanda, İranın proksi qüvvələrinə qarşı da İsrail tərəfindən bir sıra addımların atılacağı proqnozlaşdırılır”.


 


Fidan Hacızadə


Sfera.az