Hörmüz boğazı ətrafında gərginlik getdikcə artır və bu strateji keçidin açılıb-açılmaması qlobal gündəmin əsas mövzularından birinə çevrilib. Dünya neft ticarətinin mühüm hissəsinin keçdiyi bu nöqtədə yaranan böhran yalnız region ölkələrini deyil, həm də ABŞ və Avropanı ciddi seçim qarşısında qoyur. Vaşinqtonun Avropa ölkələrindən israrla dəstək istəməsi isə suallar doğurur: ABŞ doğrudanmı bu prosesi təkbaşına idarə edə bilmir, yoxsa məsələ daha geniş geosiyasi hesablamalarla bağlıdır?




Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Natiq Miri bildirib ki, ABŞ-nin Hörmüz boğazını açmaq üçün imkanları yetərlidir və bunu qısa müddətdə edə bilər. 




Onun sözlərinə görə, bunun müxtəlif yolları var:




“ABŞ Hörmüz boğazı üzrə söz sahibi olan adaları bir neçə saata, çox rahatlıqla işğal edə bilər. Beləliklə də, Hörmüz boğazının nəzarətini İranın əlindən ala bilər. Lakin məsələ zirvəni fəth etmək yox, orada qala bilməkdir. Bu, müəyyən potensial təhlükələr vəd edir. İranın artilleriyası, kamikadze dronları bu adalarda uzun müddət qalmağı, o cümlədən Hörmüz boğazını nəzarətdə saxlamağı çətinləşdirəcək. Risk amilləri hesablandığı üçün ABŞ böyük bir koalisiya ilə məsələni həll etmək istəyir”.


 





N.Miri qeyd edib ki, Trampın dediyi kimi, Hörmüz boğazı ABŞ üçün əhəmiyyətsiz deyil, əksinə, Hörmüz boğazının açılıb-açılmaması məsələsi ABŞ-nin gələcəkdə dünya üzərində hegemoniyasının qalıb-qalmamasını müəyyən edəcək:




“Zamanında, 1950-ci illərdə Süveyş kanalı ilə bağlı məğlub olan Böyük Britaniya necə Yaxın Şərqdən çəkilmək məcburiyyətində qaldısa, imperiya imici məhv oldusa, bu gün həmin imtahanla ABŞ üz-üzədir. ABŞ-nin İrana hərbi müdaxiləsi nəticəsində Hörmüz boğazı böhranı ortaya çıxdı. Bu da qlobal iqtisadi böhran yaratdığı üçün bütün dünyanın gözü məhz ABŞ-nin üzərindədir. Yeni vəziyyət Trampın siyasi karyerasına, həmçinin ABŞ-nin hegemonluğuna ciddi zərbə deməkdir. Eyni zamanda, Avropa, eləcə də region ölkələri, Körfəz ölkələri, Hörmüz boğazından istifadə edən Çin, Pakistan, Koreya, Yaponiya kimi böyük ölkələri prosesə cəlb etməklə İrana təzyiqi artırmaq istəyir. Dünyanın güclü ölkələri prosesə qoşularsa, İran geri çəkilmək məcburiyyətində qalacaq. ABŞ və İsrailin hərbi müdaxiləsi beynəlxalq hüquqa tam olaraq ziddir və bunu heç nə ilə əsaslandıra bilməz. Buna görə də ABŞ-nin Avropa Birliyi, Körfəz, Asiya və digər ölkələrə ehtiyacı var”.




Firuzə Əliyeva

Sfera.az