ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin Vaşinqton üçün prioritet olmadığını bildirib. Tramp bu marşrutdan neft idxal edən ölkələrin təhlükəsizliyi özlərinin təmin etməli olduğunu vurğulayıb.


 


“Bizim buna ehtiyacımız yoxdur. Hörmüz boğazı vasitəsilə neft alan ölkələr həmin marşrut üzrə təhlükəsiz keçidi özləri təmin etməlidir”,– deyə o bildirib.


 


Trampın Hörmüz boğazı ilə bağlı bu mesajı ABŞ-nin Yaxın Şərqdə təhlükəsizlik yükünü müttəfiqlərinin üzərinə atmaq planının başlanğıcı sayıla bilərmi?


 


Politoloq Zeynal Əmrəliyev Sfera.az-a açıqlamasında ABŞ-nin bu şəkildə şərh verməsinin əsas səbəbinin məhz Körfəz koalisiyasının formalaşdırılması ilə bağlı olduğunu deyib:


 



 


“ABŞ hər vəchlə çalışır ki, Körfəz ölkələri İrana qarşı bu mövqedə dirəniş göstərsinlər. Bu açıqlama vasitəsilə onlara başa salmağa çalışır ki, burada ABŞ-nin gözləntisi yoxdur və məsələləri özləri həll etməlidirlər. İranla münasibətlərin müəyyənləşdirilməsində və Körfəzin açılmasında onlar öz aktiv rolunu oynamalıdırlar. Bununla bağlı iki ehtimal mövcuddur. Birincisi, Trampın göstərdiyi kimi, Körfəz koalisiyası İrana qarşı formalaşa bilər və burada əsas birləşdirici dövlət Birləşmiş Ərəb Əmirlikləri olacaq”.


 


Politoloq əlavə edib ki, ikinci vacib məsələ isə, bu açıqlamanın əks təsir də yarada biləcəyidir:


 


“Trampın bəyanatından sonra Körfəz ölkələri digər müttəfiqlərlə əlaqəyə girə, məsələn, Çinlə danışıqlara və ya İranla birbaşa müzakirələrə başlaya bilərlər. Məsələn, Qətərin artıq İranla danışıqlara getdiyi və bu yolla hücumdan çəkindiyi barədə məlumatlar mövcuddur. Əvəzində isə bu ölkələr ABŞ və İsrailin hava məkanından və bazalarından istifadəyə icazə verməyə bilərlər. Digər ölkələr də buna bənzər addımlar ata bilər ki, bu da ABŞ üçün çətin vəziyyət yaradar. Beləliklə, Trampın açıqlaması əslində çox təhlükəli bir bəyanatdır və ABŞ-nin əleyhinə çevrilə bilər. İndiki halda Körfəzdə vəziyyət müəyyən dərəcədə gərginləşə bilər”.


 


Fidan Hacızadə


Sfera.az