İran hökumətinin İnformasiya Şurasının sədri İlyas Həzrəti Qərb ölkələrinin İranı zəiflətmək və parçalamaq planlarının uğursuzluqla nəticələndiyini bildirib.
Sfera.az xəbər verir ki, Həzrəti açıqlamasında son illərdə Qərb düşüncə mərkəzlərinin İranın daha asan idarə olunması üçün ölkənin kiçik dövlətlərə bölünməsi ideyasını irəli sürdüyünü iddia edib. Onun sözlərinə görə, əsas məqsəd İranın siyasi sistemini devirmək və ölkənin strateji neft ehtiyatlarına nəzarəti ələ keçirmək olub. “Bu yanaşmaya əsaslanan qüvvələr məqsədlərinə qısa müddətdə nail olacaqlarını düşünürdülər. Lakin hadisələrin gedişi bunun tam əksini göstərdi. Bir sıra tanınmış şəxslərin və komandirlərin itkisinə baxmayaraq, İran xalqı misli görünməmiş birlik nümayiş etdirdi. Müxtəlif baxışlara malik insanlar vətənin müdafiəsi üçün bir araya gəldi və daxili fikir ayrılıqları arxa plana keçdi”,–deyə o bildirib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail Tehran da daxil olmaqla bir sıra iri şəhərləri hədəf alaraq İrana qarşı koordinasiyalı hücum həyata keçirib. Buna cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusu regionda genişmiqyaslı cavab əməliyyatı başladığını elan edib.
Bəsti Rəfizadə
Sfera.az