Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın onun ünvanına səsləndirdiyi qalmaqallı ifadələrə münasibət bildirib. Makron bu cür açıqlamaları “səviyyəli” hesab etmədiyini deyib.
Sfera.az xəbər verir ki, Fransa lideri iki günlük rəsmi səfər çərçivəsində Cənubi Koreyanın paytaxtı Seul şəhərində jurnalistlərə açıqlama verib. O, çıxışı zamanı həm Yaxın Şərqdəki son hadisələrə, həm də Trampın özü və ailəsi barədə söylədiyi fikirlərə toxunub. Makron bildirib ki, hazırda dünya daha ciddi problemlərlə üz-üzədir:
“Bu gün biz müharibə şəraitində olan insanlardan, həlak olan mülki şəxslərdən və regionda davam edən qarşıdurmadan danışırıq. Müharibənin iqtisadiyyatlarımıza təsirini müzakirə edirik. Vətəndaşlarımızı düşünürəm, amerikalılar da eyni vəziyyəti yaşayır. Yanacaq və qaz qiymətləri artır. Eşitdiyim sözlər isə nə xoşdur, nə də səviyyəlidir”,– deyə o vurğulayıb. Fransa prezidenti əlavə edib ki, səsləndirilən bu fikirlərə cavab verməyə belə dəyməz.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranla bağlı müharibə fonunda etdiyi “Xalqa müraciət” çıxışı zamanı Makronun həyat yoldaşı Bricit Makronun ona pis davrandığını iddia edib və Fransa liderinin “hələ də çənəsinə aldığı zərbənin təsirindən çıxmağa çalışdığını” söyləyib.
Bəsti Rəfizadə
Sfera.az