İspaniyalı yarımmüdafiəçi Rodri ilə bağlı transfer müzakirələri Avropada gündəmin əsas mövzularından birinə çevrilib.
Sfera.az xəbər verir ki, hazırda “Mançester Siti”nin formasını geyinən futbolçunun gələcəyi qeyri-müəyyən olaraq qalır.
Rodri açıqlamasında bildirib ki, onun “Atletiko Madrid”də çıxış etməsi gələcəkdə “Real Madrid”də oynamağına mane deyil:
“Başqaları da bu yolu seçib. Dünyanın ən yaxşı klublarını rədd etmək olmaz. Mən İspaniyaya qayıtmaq istərdim”.
Məşhur transfer eksperti Fabrizio Romanonun yaydığı məlumata görə, “Mançester Siti” oyunçunu komandada saxlamaq üçün ona yeni müqavilə təklif edib. Lakin bu təklif hələlik Rodri ilə bağlı bütün suallara aydınlıq gətirməyib.
Romano qeyd edib ki, son qərar futbolçunun özü və ailəsi tərəfindən veriləcək. Əgər Rodri yeni müqaviləni qəbul etməsə, İngiltərə klubu onun yay transfer pəncərəsində ayrılmasına yalnız yüksək məbləğ qarşılığında icazə verəcək. Əks halda, yarımmüdafiəçi müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatdıqdan sonra komandadan azad agent kimi ayrıla bilər.
Niyaz Hacıyev
Sfera.az