Hörmüz boğazı ilə bağlı keçirilən beynəlxalq konfransın iştirakçıları bölgəyə hərbi qüvvə göndərməmək barədə qərar qəbul ediblər.
Sfera.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. Bildirilib ki, qərar tərəflər arasında atəşkəs razılaşması əldə olunana qədər qüvvədə qalacaq. Məlumata görə, İsrail və ABŞ əməliyyatlarının davam etdiyi bir vaxtda konfrans iştirakçıları hərbi eskalasiyanın genişlənməsinin qarşısını almaq məqsədilə bölgəyə əlavə qüvvə yerləşdirmək niyyətində olmadıqlarını bildiriblər. Böyük Britaniyanın sədrliyi ilə videokonfrans formatında keçirilən toplantıda ümumilikdə 41 ölkə iştirak edib. Görüş zamanı qeyd olunub ki, hazırda Hörmüz boğazından gündəlik keçən neft tankerlərinin sayı kəskin azalıb. Belə ki, əvvəllər gündə təxminən 150 tanker boğazdan keçdiyi halda, hazırda bu rəqəm 10-20 gəmi arasında dəyişir. Konfrans iştirakçılarının rəsmi nümayəndəsi nəşrə açıqlamasında bildirib ki, Hörmüz boğazı ilə bağlı Qara dəniz təşəbbüsünə bənzər modelin tətbiqi müzakirə olunmayıb.
Bununla belə, mənbə prosesdən müəyyən dərslərin çıxarıla biləcəyini qeyd edib. Böyük Britaniyanın Xarici İşlər Nazirliyi konfransdan sonra yaydığı bəyanatda iştirakçı ölkələrin İranın Hörmüz boğazından keçid üçün rüsum tətbiq etmək təşəbbüsünü rədd etdiyini vurğulayıb. Qeyd edək ki, İran hakimiyyəti daha əvvəl ABŞ, İsrail və İslam Respublikasına qarşı təcavüzü dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün Hörmüz boğazının bağlana biləcəyini açıqlamışdı. Münaqişə dövründə Tehranın icazəsi olmadan boğazdan keçən bir neçə tankerə hücum edildiyi bildirilib.
Bəsti Rəfizadə
Sfera.az