Yaz aylarının gəlişi ilə təbiətin canlanması bir çox insan üçün xoş olsa da, allergiyadan əziyyət çəkənlər üçün bu dövr daha çətin keçir. Havada tozcuqların (polenlərin) artması xüsusilə allergik rinit reaksiyalarının güclənməsinə səbəb olur. Bu isə gündəlik həyat keyfiyyətinə ciddi təsir edə bilər.




Bəs yaz allergiyasının artmasının əsas səbəbləri nələrdir və bu dövrdə ondan qorunmaq üçün hansı tədbirlər görülməlidir?




Allerqoloq Şahvələd Məmmədov Sfera.az-a açıqlamasında bildirib ki, mart-aprel ayları mövsümi allergiyaların kəskinləşdiyi dövrdür.


 


Onun sözlərinə görə, ən çox polen allergiyası deyilən allergiya növü geniş yayılıb:


 





“Ağac tozcuqlarına qarşı həssas olan insanlarda allergik rinit, allergik konyuktivit və yaxud da hər ikisi bir yerdə — allergik rinokonyuktivit olan xəstələrdə polenlərə qarşı həssaslıq olduğuna görə simptomlar ortaya çıxmağa başlayır. Asqırma, burun tutulması, göz qaşıntısı kimi hallar meydana çıxır”.




Allerqoloq qeyd edib ki, bu aylarda allergik asma xəstəliyinin də kəskinləşməsi müşahidə olunur:




“Yaz allergiyalarından qorunmaq üçün bir sıra qaydalara riayət olunmalıdır. Parklarda tozcuq yayan ağaclar, gül-çiçək sahələri çox olur. Onlardan qorunmaq üçün sadə maskalardan istifadə edilməli, polenlərlə çox kontaktda olmamaq lazımdır. Həmçinin həkim-allerqoloqa müraciət edərək müvafiq müalicə alınmalıdır”.




Niyaz Hacıyev

Sfera.az