ABŞ-nin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kit Kelloq NATO ölkələrini Tehranla mümkün münaqişədə Vaşinqtona dəstək vermək istəmədiklərinə görə “qorxaq” adlandırıb və alternativ yeni hərbi-siyasi ittifaqın yaradılmasını təklif edib. O, bu fikirləri “Fox News” kanalına müsahibəsində səsləndirib.
Bəs yeni hərbi-siyasi ittifaq ideyası nə dərəcədə realdır və bu, NATO-nun rolunu zəiflədə bilərmi?
Politoloq Elman Vəliyev Sfera.az-a açıqlamasında bildirib ki, ilk növbədə məsələnin praktik tərəflərinə diqqət yetirmək lazımdır.
Onun sözlərinə görə, NATO uzun illərdir qlobal təhlükəsizlik arxitekturasının əsas sütunu kimi fəaliyyət göstərir və üzv ölkələr arasında qarşılıqlı müdafiə öhdəliyi mövcuddur:
“Yeni bir ittifaqın yaradılması texniki və diplomatik baxımdan çətin, həmçinin mövcud alyans üzvləri arasında etimadsızlıq yarada biləcək bir prosesdir. Bunun reallaşması böyük ölçüdə ABŞ-nin digər dövlətlərə təzyiq göstərmə qabiliyyətinə, Avropa və Asiya ölkələrinin İranla münasibətlərini balanslaşdırmaq istəyinə bağlıdır”.
Politoloq vurğulayıb ki, belə bir yeni ittifaq ideyası NATO-nun roluna müəyyən təsir göstərə bilər:
“Əgər ABŞ və müttəfiqləri İran və digər regional problemlərdə fərqli platformalarda hərəkət etməyə qərar versələr, bu, NATO daxilində strateji koordinasiyanın zəifləməsinə və alyansın vahid mövqeyinin sarsılmasına səbəb ola bilər. Lakin nəzərə almaq lazımdır ki, NATO üzvləri arasında bu cür dəyişikliklər uzun və mürəkkəb diplomatik proses tələb edir. Buna görə də ittifaqın bütövlüyü qısa müddətdə ciddi risk altında görünmür, lakin uzunmüddətli perspektivdə yeni regional blokların yaranması ehtimalı var”.
Niyaz Hacıyev
Sfera.az