Süni intellektlə işləyən çatbotların həyatımızda getdikcə daha çox yer tutması ilə yanaşı, onların insan yaddaşına mümkün təsirləri də müzakirə mövzusuna çevrilib.


 


Sfera.az türk mediasına istinadən xəbər verir ki, araşdırmaya görə, bu texnologiyalar “koqnitiv köməkçi” kimi çıxış etsə də, məlumatı yadda saxlamaq qabiliyyətimizi zəiflədə bilər. Gündəlik həyatda, hətta ən sadə suallara belə cavab tapmaq üçün geniş istifadə olunan “ChatGPT” əsasən müsbət təsirləri ilə tanınsa da, alimlər onun təəccüblü bir yan təsirini üzə çıxarıblar. Araşdırma Rio-de-Janeyro Federal Universitetinin süni intellekt üzrə mütəxəssisi Andre Barkaui tərəfindən aparılıb. Tədqiqat çərçivəsində 120 universitet tələbəsinin iştirakı ilə təcrübə keçirilib. Tələbələrin yarısına tapşırıqları cavablandırmaq üçün “ChatGPT”dən istifadə etməyə icazə verilib, digər yarısına isə ənənəvi üsullarla işləmək tapşırılıb.


 


Tapşırıqdan 45 gün sonra keçirilən test zamanı maraqlı nəticələr əldə olunub. “ChatGPT”dən istifadə edən tələbələr orta hesabla 10 baldan 5,75 bal toplayıblar. Ənənəvi təhsil metodlarına üstünlük verən tələbələrin orta nəticəsi isə 10 baldan 6,85 bal olub. Tədqiqatın nəticələri göstərib ki, məlumatı tapmaq üçün süni intellektdən istifadə etmək həmin məlumatın daha zəif mənimsənilməsinə və uzunmüddətli yaddaşda daha az saxlanmasına səbəb ola bilər.


 


Fidan Hacızadə