Ukrayna Prezidenti Volodimir Zelenski bu ərəfədə Yaxın Şərqdəki münaqişə fonunda Hörmüz boğazını açıq saxlamağın yollarını nəzərdən keçirən ölkələrlə Qara dənizdə naviqasiya azadlığının təmin edilməsi sahəsində Kiyevin təcrübəsini bölüşməyi təklif edib.
Bu təşəbbüs Yaxın Şərqdəki gərginlik fonunda hansı məqsədi daşıyır?
Politoloq Rəşad bayramov Sfera.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, Volodimir Zelenskinin Yaxın Şərqdə artan gərginlik fonunda Hörmüz boğazının açıq saxlanılması üçün təcrübə paylaşımı təklif etməsi ilk baxışda texniki əməkdaşlıq təşəbbüsü kimi görünsə də, əslində çoxqatlı geosiyasi məna daşıyır:
"Bu təşəbbüsün mərkəzində Ukraynanın özünü yalnız regional münaqişə tərəfi kimi deyil, qlobal təhlükəsizlik arxitekturasında aktiv iştirakçı kimi təqdim etmək istəyi dayanır. Ukrayna müharibə şəraitində Qara dənizdə naviqasiya azadlığını qorumaq üçün qeyri-ənənəvi və asimmetrik üsullardan istifadə edərək müəyyən təcrübə formalaşdırıb. Bu təcrübənin Yaxın Şərq kimi kritik enerji və ticarət qovşağına tətbiq oluna biləcəyini vurğulamaqla Zelenski Kiyevin təhlükəsizlik sahəsində “ixrac edilə bilən model” təqdim etdiyini göstərmək istəyir. Bu isə Ukraynanın beynəlxalq sistemdə statusunu yüksəltmək və onu yalnız yardım alan deyil, həm də təhlükəsizlik təmin edən aktor kimi tanıtmaq məqsədi daşıyır”.
Politoloq bu məqamda rəsmi Kiyevin gizli mesaj ötürdüyündü də vurğulayıb:
“Hörmüz boğazı qlobal neft tədarükünün böyük hissəsinin keçdiyi strateji arteriyadır və buradakı blokada və ya gərginlik dünya iqtisadiyyatında ciddi sarsıntılara səbəb olur. Ukrayna bu məsələyə qoşulmaqla faktiki olaraq Qərb müttəfiqlərinin əsas narahatlıqlarından birinə toxunur. Beləliklə, Kiyev dolayısı ilə mesaj verir ki, Ukraynadakı müharibə yalnız regional problem deyil, qlobal təhlükəsizlik və iqtisadi sabitlik üçün həlledici amildir. Bu təşəbbüs həm də diplomatik və siyasi təsir aləti kimi çıxış edir. Ukrayna Yaxın Şərq ölkələri ilə təhlükəsizlik əməkdaşlığı təklif etməklə yeni tərəfdaşlıqlar qurmağa və beynəlxalq dəstək coğrafiyasını genişləndirməyə çalışır. Bu, xüsusilə qlobal Cənub ölkələri ilə münasibətlərin balanslaşdırılması baxımından əhəmiyyətlidir.
Ukraynanın Qara dənizdə blokada şəraitində belə alternativ marşrutlar yaratması və naviqasiyanı qismən bərpa etməsi Moskvanın dəniz üzərində nəzarət strategiyasının tam effektiv olmadığını göstərir. Bu təcrübənin başqa regionlara tətbiqinin müzakirəyə çıxarılması Rusiyanın təsir imkanlarının məhdudlaşdırılması baxımından da simvolik əhəmiyyət daşıyır. Odur ki, Zelenskinin bu təşəbbüsünə sadəcə təhlükəsizlik sahəsində texniki əməkdaşlıq təklifi kimi baxmaq düzgün olmazdı. Bu, Ukraynanın qlobal rolunu genişləndirmək, enerji təhlükəsizliyi məsələsində aktiv mövqe tutmaq, yeni diplomatik kanallar açmaq və Ukrayna müharibəsini daha geniş geosiyasi kontekstdə təqdim etmək məqsədi güdən strateji addımdır”.
Fidan Hacızadə
Sfera.az