“Bakı Metropoliteni”ndə qatarların hərəkət qrafikinin optimallaşdırılması istiqamətində növbəti yenilik tətbiq edilib.


 


Sfera.az “Bakı Metropoliteni"nə istinadən xəbər verir ki, sərnişindaşıma ilə bağlı son statistik göstəricilər metropolitendə sərnişin sayının artdığını göstərir.


 


Belə ki, fevral ayının nəticələri son 5 ilin eyni dövrü ilə müqayisədə daha yüksək olub. Bu artım intervalların azaldılması istiqamətində həyata keçirilən tədbirlərin sərnişin etimadını daha da gücləndirdiyini göstərir. Qeyd edək ki, 2025-ci ilin aprel ayında pik saatlarda qatarların sayı saatda 32 cütə çatdırılaraq intervallar 1 dəqiqə 52 saniyəyədək azaldılmışdı. Sentyabrın 15-də bu göstərici saatda 34 cütə yüksəldilib, interval isə 1 dəqiqə 45 saniyəyə endirilib, dekabr ayında isə qatar cütlərinin sayı 35-ə çatdırılıb. Texniki sistemlərdə həyata keçirilən yeniliklər və rəqəmsal idarəetmə imkanları sayəsində cari ilin mart ayından etibarən günün pik saatlarında “28 May–Əhmədli” sahəsində hər iki istiqamətdə saatda 36 cüt qatar hərəkət edir.




Bundan əlavə, günorta saatlarında sərnişin axını nəzərə alınaraq 12:30–14:30 və 16:00–17:00 aralıqlarında interval 30 saniyə azaldılıb və nəticədə “28 May–Əhmədli” sahəsində 2 dəqiqəlik hərəkət qrafiki tətbiq olunur. Sərnişin axınının tənzimlənməsi məqsədilə gün ərzində bəzi saatlarda xəttə sərnişinsiz qatarlar da buraxılır. Belə ki, 08:00–09:00 aralığında “Koroğlu”, 13:00–14:00 aralığında “28 May”, “Gənclik” və “Elmlər Akademiyası”, 18:00–19:00 aralığında isə “Elmlər Akademiyası” və “28 May” stansiyalarına qədər sərnişinsiz qatarlar hərəkət edir.


 


Bir qatarın təxminən 1600 sərnişin tutumuna malik olması nəzərə alındıqda, bu tədbirin xüsusilə sərnişin sıxlığının yüksək olduğu stansiyalarda vəziyyətin tənzimlənməsinə müsbət təsir göstərdiyi bildirilir. Qeyd olunan dəyişikliklər dayanıqlı şəhər nəqliyyatı sisteminin inkişafı və idarəetmədə rəqəmsal həllərin geniş tətbiqi istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir və məqsəd xidmət keyfiyyətini artırmaq, sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etməkdir.


 


Niyaz Hacıyev

Sfera.az