Aprelin 3-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil edilib.




Sfera.az xəbər verir ki, infoturda elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, nazirliyin müvafiq qurumlarının əməkdaşları, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, media rəhbərləri, təhsil ekspertləri, jurnalistlər, blogerlər və digər qonaqlar iştirak ediblər.




İnfoturun keçirilməsində əsas məqsəd peşə təhsili sahəsində aparılan yeniliklər, regionlarda yaradılan müasir tədris imkanları və tələbələr üçün formalaşdırılmış şəraitlə yaxından tanışlıq olub.




İnfotur iştirakçıları əvvəlcə mərkəzin maddi-texniki bazası və tədris mühiti ilə tanış olublar. Bildirilib ki, müasir infrastrukturla təmin olunmuş müəssisədə tədris korpusları, idman və yataqxana binaları, kulinariya təlim sahələri, təlim-qonaq evi, əkinçilik və emalatxana laboratoriyaları, istixana, həmçinin avtotəmir və CNC emalatxanaları fəaliyyət göstərir. Bundan əlavə, informatika otaqları, müasir siniflər, hərbi hazırlıq kabineti, kitabxana, 300 nəfərlik akt zalı və yeməkxana mövcuddur. Ərazidə 53 nəfərlik yataqxana tikilib, yenidənqurma işlərindən sonra isə korpusların sayı 7-yə çatdırılıb.




2025/2026-cı tədris ilində mərkəzdə 42 ixtisas üzrə 55 qrupda ümumilikdə 962 tələbə təhsil alır. Burada turizm, kənd təsərrüfatı, sənaye, xidmət sahələri, İT və alternativ enerji istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir.




Yenilənmiş maddi-texniki baza sayəsində müəssisədə elektrik və hibrid avtomobillərin texniki xidməti və təmiri, kompüter şəbəkələri və inzibatçılığı, sənaye avadanlıqlarının proqramla idarə olunması, kibertəhlükəsizlik, proqramlaşdırma, tikinti və istismar, eləcə də günəş panellərinin quraşdırılması və təmiri kimi müasir ixtisaslar tədris olunur.




Mərkəzdə tələbələrə ilk peşə, texniki peşə və yüksək texniki peşə təhsili səviyyələri üzrə biliklər verilir. İnfoturun davamında müxtəlif sahələr üzrə təşkil olunmuş ustad dərsləri (master-klasslar) nümayiş etdirilib. İştirakçılar istixana şəraitində bitkiçilik təlimlərini, açıq havada dərs prosesini, sinifdaxili tədris nümunələrini, hərbi və idman hazırlığını, eləcə də dərzi, bərbər, dizayner, aşpaz və qənnadçı ixtisasları üzrə praktiki məşğələləri izləyiblər.




Qonaqlar tədrisin praktik yönümlü təşkili, tələbələrin real iş mühitinə uyğun bacarıqlar qazanması və peşə təhsilində tətbiq olunan müasir yanaşmalarla yaxından tanış olublar.




Səfər çərçivəsində Kənan Kərimzadə “Regionlarda peşə təhsili: imkanlar və perspektivlər” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda peşə təhsilinin əlçatanlığının artırılması, infrastrukturun yenilənməsi, tədris məzmununun təkmilləşdirilməsi, müəllimlərin peşəkar inkişafı, rəqəmsallaşma və yeni maliyyələşmə modelləri barədə geniş məlumat verilib.


 


Firuzə Əliyeva

Sfera.az