Aprelin 3-də Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində infotur təşkil olunub. 


 


Sfera.az xəbər verir ki, infoturda elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, nazirliyin müvafiq struktur bölmələrinin əməkdaşları, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, media rəhbərləri, təhsil sahəsinin ekspertləri, jurnalistlər, blogerlər və digər qonaqlar iştirak ediblər.


 


İnfoturun əsas məqsədi peşə təhsili sahəsində həyata keçirilən yenilikləri, regionlarda yaradılmış müasir tədris şəraitini və tələbələr üçün təmin olunan imkanları ictimaiyyətə daha geniş şəkildə təqdim etmək, eyni zamanda bu sahəyə marağı artırmaq olub.


 


Tədbir çərçivəsində iştirakçılar mərkəzdə mövcud olan maddi-texniki baza, tədris emalatxanaları, laboratoriyalar və maldarlıq ferması ilə yaxından tanış olublar. Onlara tələbələrin qazandığı praktiki bilik və bacarıqlar, real iş mühitinə hazırlıq səviyyəsi və peşə təhsilinin tətbiqi yönümlü mahiyyəti əyani şəkildə nümayiş etdirilib.


 


Bildirilib ki, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi regional inkişaf proqramlarına uyğun olaraq bölgədə gənclərin peşə vərdişlərinə yiyələnməsi üçün geniş imkanlar yaradır. Müasir infrastrukturla təchiz olunmuş mərkəzdə 25 sinif otağı, 3 laboratoriya, 13 emalatxana, informatika kabineti, STEAM mərkəzi, praktiki məşğələ otaqları, kitabxana, 252 yerlik akt zalı, 128 yerlik yeməkxana, idman zalları və meydançaları, avtotəmir sahəsi, maldarlıq ferması və digər yardımçı tikililər fəaliyyət göstərir.


 


Qeyd olunub ki, mərkəzdə qənnadçı, dərzi, kompüter texnikası üzrə mütəxəssis, mühasib, qrafik dizayner, veb-dizayner və proqramçı, santexnik, traktorçu-maşinist, elektrik montyoru, bərbər-vizajist, avtomobil təmiri ustası, sürücü, mebel ustası kimi ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Bununla yanaşı, kənd təsərrüfatı sahəsində fermerlik, bitkiçilik, heyvandarlıq və baytarlıq istiqamətləri üzrə də mütəxəssislər yetişdirilir.


 


İnfotur zamanı iştirakçıların ünvanladığı suallar ətraflı şəkildə cavablandırılıb.


 


 


Firuzə Əliyeva




Sfera.az