Son günlər yayılan şərhlərdə ABŞ Prezidenti Donald Tramp tərəfindən İrana qarşı atılan addımların əsl hədəfinin Tehran deyil, Pekin olduğu iddia edilir.


 


Sfera.az xəbər verir ki, bu yanaşmaya görə, beynəlxalq ictimaiyyət əsasən raket zərbələri, neft qiymətləri və Hörmüz boğazı ətrafındakı gərginliyə fokuslansa da, prosesin arxasında daha geniş geosiyasi və enerji strategiyası dayanır. İddialara əsasən, İran neftinin böyük hissəsi Asiya bazarlarına, xüsusilə də Çinə yönəlir. Qeyd olunur ki, rəsmi sanksiyalara baxmayaraq, Çin uzun müddətdir İran neftini müxtəlif “kölgə mexanizmləri” vasitəsilə idxal edir.


 


Məlumatlara görə, İran neftinin əsas ixrac mərkəzi olan Xarq adası ölkənin ümumi neft ixracının təxminən 90 faizini təmin edir və bu səbəbdən strateji hədəf hesab olunur. Eyni zamanda, bəzi analitik yanaşmalarda vurğulanır ki, ABŞ-nin enerji siyasətində paralel olaraq Venezuela kimi iri neft ehtiyatlarına malik ölkələrlə bağlı addımlar da diqqət çəkir. Bu kontekstdə iddia olunur ki, İranın qlobal bazardan sıxışdırılması halında alternativ enerji mənbələrinin ABŞ-nin nəzarətində olması Pekinə qarşı iqtisadi təzyiq alətinə çevrilə bilər.


 


Bununla belə, ekspertlər bildirirlər ki, bu cür iddialar daha çox fərziyyə xarakteri daşıyır və rəsmi şəkildə təsdiqlənmiş strategiya kimi qəbul edilmir. Mövcud vəziyyət isə reallıqda Yaxın Şərqdə artan gərginliyin qlobal enerji bazarlarına ciddi təsir etdiyini göstərir. Belə ki, ABŞ-İran qarşıdurması fonunda neft qiymətlərində kəskin artım qeydə alınıb və bazarlarda qeyri-müəyyənlik dərinləşib. Nəticə etibarilə, bəzi şərhlər bu prosesi “qlobal enerji savaşı” kimi qiymətləndirsə də, hazırkı mərhələdə hadisələrin inkişafı həm siyasi, həm də iqtisadi baxımdan çoxşaxəli və mürəkkəb olaraq qalır.


 


Niyaz Hacıyev


Sfera.az