ABŞ-nin keçmiş birinci xanımı Mişel Obamanın Böyük Britaniyanın mərhum Kraliçası II Elizabetə etdiyi sadə, lakin mənalı hədiyyə ilə bağlı hekayə yenidən diqqət mərkəzinə düşüb.
Sfera.az xəbər verir ki, məlumata görə, Mişel Obama Kraliça II Elizabetə Vaşinqtondakı antikvar mağazalarından birindən alınmış, təxminən 50 dollar dəyərində vintaj broş hədiyyə edib. Qızıla bərkidilmiş almaz və mamırlı aqat daşlarından hazırlanmış, Amerikada istehsal olunan bu sadə zinət əşyası ilk baxışdan kral ailəsinin zəngin kolleksiyası fonunda olduqca təvazökar görünürdü.
Mişel Obama sonralar həmin broşu “nominal dəyəri olan kiçik, sadə bir hədiyyə” kimi təsvir edib. Çünki Kraliça II Elizabetin kolleksiyasında əsrlər boyu monarxlar tərəfindən taxılmış, milyonlarla dollar dəyərində zinət əşyaları yer alırdı. Bu səbəbdən də Obama daxilən hədiyyəsinin kifayət qədər təsirli olmayacağından narahatlıq keçirib. Lakin növbəti axşam Obamaların Uinfild-Hausda təşkil etdiyi cavab ziyafətində Kraliçanın etdiyi jest hər kəsi təsirləndirib.
Kraliça II Elizabet məhz Mişel Obamanın ona hədiyyə etdiyi həmin 50 dollarlıq broşu taxaraq tədbirə qatılıb. Bu addım heç bir rəsmi açıqlama olmadan belə, özlüyündə aydın mesaj verib: “Sizin hədiyyəniz mənim üçün dəyərlidir”.
Mişel Obama illər sonra bu anı xatırlayaraq bildirib ki, Kraliçanın bu davranışı onun insanlarla münasibətdə nə qədər zərif və diqqətcil olduğunun ən gözəl nümunələrindən biri idi. Qeyd olunur ki, sözügedən broş sonradan “Amerika Dövlət Səfəri Broşu” adı ilə kral kolleksiyasına daxil edilib. Kraliça II Elizabet bu broşu sonrakı illərdə bir neçə mühüm tədbirdə, o cümlədən 2018-ci ildə Donald Trampın Böyük Britaniyaya ilk rəsmi səfəri zamanı da taxıb. Xatırladaq ki, Kraliça II Elizabet 8 sentyabr 2022-ci ildə, 96 yaşında vəfat edib. Onun dəfn mərasimindən sonra yayımlanan videomüraciətdə Mişel Obama bu hekayəni yenidən danışıb və həmin xatirənin illər keçsə də onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Fidan Hacızadə