ABŞ-nin ən məşhur və ən qorxulu həbsxanalarından biri hesab olunan Alkatraz adası illər sonra yenidən gündəmə gəlib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, “The Rock” (Qaya) ləqəbi ilə tanınan və 1963-cü ildən etibarən boş qalan məşhur həbsxananın yenidən fəaliyyətə başlaması təklif olunub. Məlumata görə, ABŞ Prezidenti Donald Tramp ölkənin ən təhlükəli və zorakı cinayətkarlarının saxlanılması üçün Alkatrazın yenidən həbsxana kimi istifadəyə verilməsini gündəmə gətirib. Tarixən ABŞ-nin ən sərt rejimli cəza müəssisələrindən biri kimi tanınan Alkatraz bağlanmazdan əvvəl bir sıra məşhur və bədnam cinayətkarların saxlanıldığı yer olub.
Burada Al Kapone, “Pulemyotçu” Kelli (Machine Gun Kelly) və Robert Straud kimi ABŞ kriminal tarixində iz qoymuş adlar cəza çəkiblər. San-Fransisko körfəzində yerləşən ada xüsusilə təcrid olunmuş coğrafi mövqeyinə görə seçilmişdi. Uzun illər boyu Alkatrazdan qaçmağın demək olar ki, mümkünsüz olduğu düşünülürdü. Bu səbəbdən də həbsxana ABŞ-də ən yüksək təhlükəsizlikli müəssisələrdən biri kimi tanınıb. Donald Trampın bu təklifi reallaşarsa, bu, Con Kennedi dövründən bəri ilk dəfə Alkatraza yenidən məhbusların yerləşdirilməsi anlamına gələ bilər. Belə bir addım həm ABŞ cəza sistemi, həm də təhlükəsizlik siyasəti baxımından geniş müzakirələrə səbəb ola bilər.
Fidan Hacızadə
Sfera.az