ABŞ Ağ Evlə ölkənin ən yüksək hərbi rəhbərliyi arasında yaranan ciddi qarşıdurma fonunda son illərin ən həssas siyasi-hərbi böhranlarından biri ilə üz-üzədir.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, iddialara görə, onlarla yüksək rütbəli generalın İrana qarşı genişmiqyaslı quru əməliyyatına başlamaqla bağlı verilən əmrləri kollektiv şəkildə rədd etməsi Vaşinqtonda görünməmiş konstitusiya və idarəetmə böhranı yaradıb. Məlumata əsasən, ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri də daxil olmaqla, 12 yüksək rütbəli hərbi rəsmidən ibarət qrupun vəzifədən uzaqlaşdırılması müasir Amerika tarixində hərbi komandanlıq daxilində baş verən ən böyük “təmizləmə” kimi qiymətləndirilir.
Hadisə ölkə daxilində ciddi hüquqi və siyasi müzakirələrə səbəb olub. Hüquqşünaslar və konstitusiya üzrə ekspertlər generalların bu addımını iki fərqli müstəvidə dəyərləndirirlər. Bir tərəf bunu “qanunsuz əmrin” hüquqi əsaslarla rədd edilməsi kimi təqdim edir, digər tərəf isə bu davranışı ordunun mülki rəhbərliyə tabeçiliyinə zərbə vuran təhlükəli tabesizlik nümunəsi hesab edir. Müdaxilə tərəfdarları bildirirlər ki, ABŞ Prezidenti və Baş Komandan kimi Ağ Evin hərbi strategiyanı müəyyənləşdirməkdə mütləq səlahiyyəti var və Pentaqon daxilində hər hansı müqavimət komanda zəncirinin birbaşa pozulması deməkdir.
Onların fikrincə, milli təhlükəsizlik maraqlarının gecikmədən həyata keçirilməsi üçün daha uyğun və “həmfikir” hərbi rəhbərliyin formalaşdırılması vacibdir. Əmrin əleyhdarları isə hesab edirlər ki, yüksək rütbəli hərbçilərin mövqeyi mümkün qlobal fəlakətin qarşısını almağa yönəlmiş mühüm “əyləc mexanizmi” rolunu oynayır. Onların qənaətincə, təcrübəli hərbi strateqlərin siyasi loyallıq prinsipi ilə seçilmiş şəxslərlə əvəzlənməsi Yaxın Şərqdə nəzarətdən çıxan və lüzumsuz qan tökülməsi ilə nəticələnə biləcək yeni bir münaqişəyə zəmin yarada bilər.
Hazırda Pentaqonda gərginliyin yüksək səviyyədə davam etdiyi bildirilir. Ekspertlər boş qalan vəzifələrin necə doldurulacağı, yeni təyinatların hansı meyarlarla aparılacağı və bunun davam edən hərbi əməliyyatlara necə təsir göstərəcəyi ilə bağlı ciddi suallar qaldırırlar. Beynəlxalq ictimaiyyət də baş verənləri narahatlıqla izləyir. Çünki ABŞ hərbi komandanlığında sabitliyin pozulması təkcə Vaşinqtonun daxili idarəçiliyi üçün deyil, eyni zamanda qlobal təhlükəsizlik sistemi üçün də mühüm risklər yarada bilər.
Fidan Hacızadə
Sfera.az