NATO müttəfiqləri arasında görünməmiş gərginlik fonunda yaranmasının 77-ci ildönümünü qeyd edir.
Sfera.az xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Franken alyansın 10-cu iclasında açıqlama verib. O bildirib ki, hazırda NATO daxilində əvvəlki dövrlərlə müqayisədə daha ciddi fikir ayrılıqları mövcuddur. Nazirin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın bəzi Avropa ölkələrinin İrandakı əməliyyatlara dəstək verməkdən imtina etməsindən sonra NATO üzvlüyünü sual altına alması narahatlıq doğurur. Franken qeyd edib ki, Vaşinqton ittifaqda qalsa belə, ABŞ-nin
Avropadakı hərbi bazaları bağlaması, qoşunları geri çəkməsi, kəşfiyyat məlumatlarının paylaşımını dayandırması və digər dəstək mexanizmlərini zəiflətməsi NATO-nun müdafiə qabiliyyətinə ciddi təsir göstərə bilər.
O əlavə edib ki, Avropa Birliyi hazırkı şəraitdə ABŞ-nin mümkün çıxışı halında yaranacaq boşluğu təkbaşına doldurmaq gücündə deyil. Teo Franken müttəfiqlər arasında yaranmış fikir ayrılıqlarını müzakirə etmək məqsədilə ayın sonunda Vaşinqtona səfər etməyi planlaşdırdığını da bildirib.
Niyaz Hacıyev
Sfera.az