Avropanın enerji təhlükəsizliyi baxımından mühüm addım atılıb. Əlcəzair hökuməti İspaniya üçün təbii qaz ixracını güzəştli tariflərlə 12% artıracağını açıqlayıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu qərar regionda enerji balansına təsir edəcək strateji addım kimi qiymətləndirilir. Qərarın, İspaniyanın Xarici İşlər Naziri Xose Manuel Albaresin Əlcəzairə həyata keçirdiyi yüksək səviyyəli diplomatik səfərdən sonra verildiyi bildirilir. Nazir martın 26-da Əlcəzair Prezidenti Abdelmacid Tebbun ilə görüşərək tərəflər arasında enerji əməkdaşlığını genişləndirən razılaşmanı yekunlaşdırıb. Görüş çərçivəsində Aralıq dənizi vasitəsilə iki ölkəni birləşdirən Medgaz boru kəmərinin ötürücülük qabiliyyətinin artırılması qərara alınıb. Məlumata görə, “Medgaz” boru kəmərinin illik ötürücülük gücü 11 milyard kubmetrə çatdırılacaq.
Bu isə İspaniyanın enerji təchizatını daha sabit və etibarlı edəcək, eyni zamanda daxili enerji xərclərinin azalmasına səbəb olacaq. Razılaşma, Yaxın Şərqdə davam edən “Epik Qəzəb” əməliyyatının qlobal enerji bazarlarına təsir etdiyi həssas bir dövrdə imzalanıb. Xüsusilə Hörmüz boğazı ətrafında yaranan gərginlik fonunda enerji təchizatında yaranan risklər Avropa ölkələrini alternativ mənbələrə yönəldib. Bildirirlər ki, bu addım yalnız enerji sahəsi ilə məhdudlaşmır. Bu razılaşma həm də Madrid və Əlcəzair arasında son illərdə yaranmış diplomatik gərginliyin aradan qalxdığını göstərir. Xatırladaq ki, İspaniyanın 2022-ci ildə Qərbi Sahara ilə bağlı mövqeyini dəyişməsi münasibətlərin soyumasına səbəb olmuşdu. Yeni saziş nəticəsində İspaniya Avropa üçün mühüm qaz qovşaqlarından birinə çevrilə bilər. Bu isə Avropa İttifaqı ölkələrinin Rusiya və Yaxın Şərq enerji resurslarından asılılığını azaltmaq strategiyasına mühüm töhfə verir. Müşahidəçilər bildirir ki, İtaliya və digər Avropa ölkələrinin də Əlcəzair qazına maraq göstərdiyi bir vaxtda, İspaniyanın erkən diplomatik təşəbbüsü ona ciddi üstünlük qazandırıb. Bu əməkdaşlıq “enerji diplomatiyası”nın qlobal səviyyədə necə təsirli alətə çevrildiyini bir daha nümayiş etdirir.
Fidan Hacızadə
Sfera.az