Yaxın Şərqdə artan gərginlik fonunda diqqətçəkən diplomatik addım atılıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, İran rəsmiləri İspaniya üçün Hörmüz boğazı vasitəsilə tranzit məsələsində müsbət mövqe sərgilədiyini açıqlayıb. İranın Madriddəki səfirliyinin yaydığı rəsmi bəyanatda Tehranın bu qərarı İspaniyanın beynəlxalq hüquqa sadiqliyi ilə əsaslandırdığı bildirilib. Məlumata görə, bu addım ABŞ və İsrailin regionda hərbi təzyiqləri artırdığı bir vaxtda atılıb. Diplomatik müşahidəçilər qeyd edirlər ki, bu qərar İspaniyanın son dövrlərdə nümayiş etdirdiyi balanslı və ehtiyatlı xarici siyasət kursunun nəticəsi kimi qiymətləndirilir.
Xüsusilə İspaniyanın Baş naziri Pedro Sançesin ABŞ və İsrailin İrana qarşı mümkün hərbi addımlarını “qanunsuz və düşünülməmiş” kimi dəyərləndirməsi Madridə əlavə diplomatik üstünlük qazandırıb. Bu mövqe sayəsində İspaniya İran tərəfindən belə bir güzəşt əldə edən ilk Avropa İttifaqı ölkəsi kimi diqqət çəkir. Eyni zamanda, bu diplomatik irəliləyiş enerji sahəsində də paralel nəticələrlə müşayiət olunur. Belə ki, Əlcəzair İspaniyaya qaz tədarükünü 12.5% artırmaq qərarı verib. Ekspertlər hesab edirlər ki, bu addım da Madridin müharibə əleyhinə mövqeyinə verilən dəstəyin bir hissəsidir. Analitiklərə görə, ABŞ-də Donald Tramp administrasiyasının müttəfiqlərə təzyiq siyasəti fonunda İspaniyanın fərqli kurs seçməsi ona yeni diplomatik və iqtisadi imkanlar açır. Bu isə qlobal enerji və təhlükəsizlik arxitekturasında yeni balansların formalaşdığını göstərir.
Bildirilir ki, İranın bu addımı yalnız regional deyil, qlobal səviyyədə “enerji diplomatiyası”nın və siyasi mövqelərin necə qarşılıqlı təsir yaratdığını açıq şəkildə nümayiş etdirir.
Fidan Hacızadə
Sfera.az