Avstriya, Almaniya, İtaliya, İspaniya və Portuqaliyanın maliyyə nazirləri ABŞ-nin İrandakı əməliyyatı nəticəsində yanacaq qiymətlərinin artması və enerji şirkətlərinin əlavə mənfəət əldə etməsi ilə bağlı vergi tətbiq edilməsini tələb ediblər.


 


Sfera.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki müharibənin nəticələrindən faydalananlar cəmiyyətə kömək etməlidirlər. Bir müddət əvvəl BƏƏ-nin energetika naziri Süheyl əl-Məzrui Hörmüz boğazının bağlanmasının və tankerlərə hücumların qlobal neft bazarında xaosa səbəb olduğunu açıqlamışdı.


 


Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıb. Tehran da daxil olmaqla İranın böyük şəhərləri hücuma məruz qalıb. İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı elan edib. Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hərbi obyektləri də zərbələrə məruz qalıb. İran hakimiyyəti həmçinin Hörmüz boğazını ABŞ, İsrail və İranın düşmən ölkələri üçün bağlamaq qərarı verib. Münaqişə zamanı bir neçə tanker Tehranın icazəsi olmadan boğazdan keçdiyi üçün hücuma məruz qalıb. Martın 25-də İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazından keçid üçün Rusiya, Hindistan, İraq, Çin və Pakistan da daxil olmaqla dost ölkələrə icazə verildiyini açıqlayıb.


 


Niyaz Hacıyev


Sfera.az