"Türkiye" qəzeti Türkiyə Ticarət Nazirliyinə istinadən məlumat yayıb ki, İran ətrafında gərginlik fonunda Türkiyə Hörmüz boğazından yan keçərək neft və qaz tədarükü üçün beş alternativ marşrut hazırlayıb.
Nazir Ömər Bolatın sözlərinə görə, Ankara alternativ logistika marşrutlarının işə salınması üçün fəal addımlar atır ki, bu da, xüsusən də böhran dövründə həm enerji istehsalçıları, həm də istehlakçılar üçün vacib bir həll yolu ola bilər.
Bu marşrutların digər ölkələr üçün əhəmiyyəti ola bilərmi?
Sfera.az-a bu barədə açıqlama verən siyasi şərhçi Elnur Ənvəroğlu bildirib ki, bu marşrutların əhəmiyyəti təkcə Türkiyə ilə məhdudlaşmır, əksinə, daha geniş regional və qlobal təsirləri ola bilər:
“Çünki burada enerji təhlükəsizliyi, geosiyasət və logistika bir-biri ilə kəsişir. Məlumdur ki, Hörmüz boğazı dünya neft ticarətinin təxminən 20-25%-nin keçdiyi kritik nöqtədir. Burada hər hansı gərginlik (xüsusilə İran ətrafında) qiymət artımına və təchizat risklərinə səbəb olur. Buna görə də, fikrimcə, Türkiyənin alternativ marşrutları bu “boğaz asılılığını” azaltmaq istəyən ölkələr üçün ciddi variant ola bilər. Birincisi, elə Avropa üçün, mən deyərdim. Niyə? Çünki hazırda Tramp-Avropa arasındakı müəyyən gərginlik məhz elə bu xüsusda cərəyan edir. Avropa ölkələri artıq Rusiyadan enerji asılılığını azaltmağa çalışır. Qərb mənbələrinə görə, bu proses 2027-ci ildə yekunlaşdırılır. Bu baxımdan, Türkiyə üzərindən keçən marşrutlar Xəzər regionu (Azərbaycan, Türkmənistan) və Yaxın Şərq (İraq, potensial olaraq Körfəz ölkələri) ilə Avropa arasında daha sabit enerji körpüsü yarada bilər. Bu da xüsusilə Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyır”.
E.Ənvəroğlu eləcə də bunun Azərbaycan, həmçinin Mərkəzi Asiya üçün də əhəmiyyətini qeyd edib:
“Məsələn, bu addım mövcud kəmərlərin (BTC, TANAP) əhəmiyyətini artırır, yeni ixrac imkanları yaradır. Eyni zamanda, Türkmənistan kimi ölkələr üçün də alternativ çıxış yolları genişlənir. Həm də Türkiyə üçün regionun geoiqtisadi çəkisini artırır. Daha ətraflı yanaşsaq, bu məsələyə hətta Körfəz ölkələrini də əlavə etmək olar. Səudiyyə Ərəbistanı, BƏƏ kimi ölkələr uzun müddətdir ki, Hörmüzdən yan keçən marşrutlar axtarır. Layihə baş tutsa, Türkiyə üzərindən Aralıq dənizinə çıxış və Avropa bazarlarına daha təhlükəsiz daşınma potensial imkana çevrilə bilər. Bir də nəzərə alaq ki, alternativ marşrutların çoxalması qlobal enerji bazarına həmişə müsbət təsir edir, təchizatın daha dayanıqlı olmasını təmin edir”.
Fidan Hacızadə
Sfera.az