ABŞ-nin sabiq prezidenti Bill Klintonun Kaliforniya qubernatoru Qavin Nyusom barədə dediyi iddialar siyasi müzakirələrə səbəb olub.
Sfera.az xarici KİV-ə istinadla xəbər verir ki, iddialara görə, Klinton qapalı görüşlərdə Nyusomun siyasi bacarıqlarından təsirləndiyini və onun prezident seçkilərində qalib gəlmək potensialına sahib olduğunu bildirib. Bu fikirlər rəsmi açıqlama şəklində təqdim edilməsə də, müxtəlif mənbələrdə geniş yayılıb.
Qeyd olunur ki, Nyusom son dövrlərdə Demokratlar daxilində 2028-ci il prezident seçkiləri üçün əsas namizədlərdən biri kimi ön plana çıxır. Onun reytinqlərdə yüksək mövqedə qərarlaşdığı, hətta bəzi sorğularda Kamala Harris və Aleksandria Okasio Kortez kimi siyasətçiləri geridə qoyduğu bildirilir. Bununla yanaşı, Nyusomun prezidentlik iddiaları rəsmi şəkildə təsdiqlənməyib. O, mediaya açıqlamasında namizədliyi ilə bağlı suala birbaşa “bəli” deməsə də, bu ehtimalı tam istisna etmədiyini bildirib.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp artıq Nyusomu açıq şəkildə tənqid etməyə başlayıb. Siyasi analitiklər hesab edirlər ki, bu hücumlar Nyusomun gələcək seçkilərdə potensial rəqib kimi ciddi qəbul edildiyini göstərir. Ekspertlərin fikrincə, ABŞ-də seçkiyə hələ vaxt olsa da, artıq mümkün namizədlər ətrafında siyasi mövqelər formalaşmağa başlayıb və bu kimi açıqlamalar gələcək yarışın konturlarını müəyyən edir.
Firuzə Əliyeva
Sfera.az