ABŞ-də hərbi rəhbərlikdə gözlənilməz dəyişiklik baş verib.


 


Sfera.az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Ordusunun Baş Qərargah rəisi general Rendi Corc müdafiə naziri Pit Heqsetin qərarı ilə vəzifəsindən uzaqlaşdırılıb və dərhal təqaüdə göndərilib. Məlumata görə, bu qərar ABŞ-nin Yaxın Şərqdə, xüsusilə İranla bağlı gərgin fonunda həyata keçirilib. Generalın səlahiyyət müddətinin 2027-ci ilə qədər davam etməli olduğu bildirilsə də, onun vaxtından əvvəl istefaya göndərilməsi diqqət çəkib.


 


Pentaqon qərarın səbəbləri ilə bağlı rəsmi açıqlama verməsə də, bu addımın son dövrlər ABŞ ordusunda aparılan genişmiqyaslı kadr dəyişikliklərinin bir hissəsi olduğu qeyd olunur. Bildirilir ki, son aylarda bir sıra yüksək rütbəli generallar vəzifədən uzaqlaşdırılıb. General Rendi Corcun yerinə müvəqqəti olaraq general Kristofer LaNevin gətirildiyi açıqlanıb.


 


Sosial şəbəkələrdə isə məsələ ilə bağlı müxtəlif iddialar yayılıb. Bəzi paylaşımlarda guya istefadan sonra generalın sərt bəyanat səsləndirdiyi və ABŞ ordusunun gələcəyi ilə bağlı narahatlıq ifadə etdiyi iddia olunsa da, bu məlumatlar hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib. Qeyd edək ki, ABŞ ordusunda bu cür yüksək səviyyəli dəyişikliklər adətən nadir hallarda və xüsusilə müharibə şəraitində baş verir. Bu isə Pentaqonda baş verən proseslərin ciddiliyini bir daha gündəmə gətirir.


 


Firuzə Əliyeva


Sfera.az