İran Silahlı Qüvvələrinin Xatəmül-Ənbiya Mərkəzi Qərargahı ABŞ və İsrailə məxsus strateji hədəflərə endirilən sarsıdıcı zərbələr barədə rəsmi məlumat yayıb.




Sfera.az “Tasnim”ə istinadən bildirir ki, Xatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfüqari videomüraciətində İran ordusunun və İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) həyata keçirdiyi genişmiqyaslı qisas əməliyyatlarının detallarını açıqlayıb.


 


Sözçü qeyd edib ki, bu addımlar ABŞ və "sionist rejim"in İrana qarşı tətbiq etdiyi müharibənin 37-ci günündə, Kərəc və Mahşəhrdəki mülki infrastrukturun hədəf alınmasına cavab olaraq atılıb.




Zülfüqarinin sözlərinə görə, "Əsl Vəd 4" əməliyyatının birinci mərhələsində bölgədəki bir neçə mühüm neft-kimya və hərbi logistika mərkəzi məhv edilib:




1. Habshan şəhərində "ExxonMobil" və "Chevron" şirkətlərinin qaz təsisləri, həmçinin Əl-Ruvaysda ABŞ və İsrail ordusu üçün yanacaq istehsal edən müəssisə raketlərlə vurulub.

2. Sitra neft-kimya müəssisəsinə ağır dron hücumu nəticəsində genişmiqyaslı yanğın başlayıb.

3. Şuayba şəhərindəki Amerika ilə əməkdaşlıq edən neft-kimya zavodu tamamilə sıradan çıxarılıb.

4. Beer-Şeva sənaye zonası və Dimona yaxınlığındakı neft-kimya anbarları hədəfə alınıb.

5. Amerikalı zabitlər məhv edilib, gəmilər dayandırılıb




Əməliyyatın dəniz fazası da itkisiz ötüşməyib. Sözçü bildirib ki, Küveytdəki dəniz bazası yaxınlığında ABŞ komandirlərinin gizli görüş yeri ballistik raketlərlə dağıdılıb. İlkin məlumatlara görə, BƏƏ-dəki hücum zamanı 25 amerikalı hərbçi ölüb və ya yaralanıb.




Eyni zamanda, Cəbəl Əli limanı yaxınlığında İsrailə məxsus "Kral D'ao Star" gəmisi "Qadeer" kruiz raketi ilə vurulub. Hazırda gəminin yandığı bildirilir. İran tərəfi həmçinin Hörmüz boğazında naviqasiya icazəsi olmayan gəmilərin hərəkətini tamamilə dayandırıb.




Zülfüqari son saatlarda İsfahan səmasında ABŞ-yə məxsus MQ-9 və Xark adası yaxınlığında LUCAS pilotsuz təyyarələrinin vurulduğunu vurğulayıb. Bununla da, İranın hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilən düşmən dronlarının ümumi sayı 163-ə çatıb.




İran tərəfi bəyan edib ki, mülki hədəflərə qarşı hər hansı bir təcavüz düşmənin regiondakı maraqlarına "ikiqat zərbə" ilə nəticələnəcək. Sözçü xəbərdarlıq edib ki, hücumlar davam edərsə, növbəti mərhələlər daha sarsıdıcı və genişmiqyaslı olacaq.




Bəsti Rəfizadə

Sfera.az