Rusiya Prezidentinin xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev Avropa İttifaqının (Aİ) Rusiya enerji resurslarından imtina etməsini kəskin tənqid edib.




Sfera.az xəbər verir ki, Dmitriyev bu addımı “axmaq ideoloji qərar” adlandıraraq, bunun Avropa üçün ağır iqtisadi nəticələrə səbəb olacağını bildirib. Kirill Dmitriyev qeyd edib ki, Aİ-nin enerji siyasəti qitəni çətin günlərə sürükləyir:




"Aİ-nin Rusiya enerjisindən imtina etməsi və digər axmaq ideoloji qərarlar Avropa üçün son dərəcə çətin günlərin xəbərçisidir. Britaniyanın “The Economist” jurnalının da qeyd etdiyi kimi, Rusiya ilə Asiya ölkələri arasında bağlanan yeni enerji müqavilələri Qərbin Rusiyanı təcrid edə bilməməsinin bariz sübutudur".




Xüsusi nümayəndənin sözlərinə görə, Asiya ölkələri Qərbdən fərqli olaraq daha rasional siyasət yürüdürlər. O vurğulayıb ki, enerji müqavilələri Asiyanın öz xalqının maraqlarını düşündüyünü göstərir:




“Asiya öz xalqına qayğı göstərir və iqtisadi sabitliyi seçir; Aİ və Böyük Britaniya isə ideoloji ambisiyalar naminə özünüməhv prosesini sürətləndirir”.




Dmitriyev xəbərdarlıq edib ki, Rusiya qazından imtina Avropada inflyasiyanı rekord həddə çatdıracaq və xammal qiymətlərinin artması iqtisadiyyata sarsıdıcı zərbə vuracaq. O, bu vəziyyəti "enerji şoku sunamisi" kimi xarakterizə edərək, yaxın gələcəkdə Avropa iqtisadiyyatının ciddi sınaqlarla üzləşəcəyini qeyd edib.




Bəsti Rəfizadə

Sfera.az