ABŞ Prezidenti Donald Tramp İranla bağlı gərginliyin artdığı bir vaxtda bütün ictimai çıxışlarını və səfərlərini ləğv edib.


 


Sfera.az xəbər verir ki, prezidentin planlaşdırılan Florida səfəri də rəsmi şəkildə təxirə salınıb. Məlumata görə, Tramp Vaşinqtonda qalaraq Ağ Ev daxilində Milli Təhlükəsizlik Şurası və hərbi müşavirlərlə intensiv görüşlər keçirir. Bildirilir ki, Ağ Ev yaxın müddət üçün “qapalı rejimə” keçib. Bu çərçivədə mətbuat brifinqləri dayandırılıb, ictimai tədbirlər ləğv olunub və Oval kabinetə media çıxışı məhdudlaşdırılıb. Mənbələr bu addımın Yaxın Şərqdə sürətlə dəyişən hərbi vəziyyət fonunda qərarların daha operativ verilməsi məqsədi daşıdığını qeyd edir.


 


Eyni zamanda, təhlükəsizlik məsələlərinin də gündəmdə olduğu bildirilir. İddialara görə, Ağ Ev kompleksində təxminən 400 milyon dollarlıq gücləndirilmiş təhlükəsizlik obyektinin tikintisi ilə bağlı hüquqi mübahisələr davam edir. Administrasiya nümayəndələri gecikmələrin milli təhlükəsizlik üçün ciddi risklər yarada biləcəyini vurğulayır. Qeyd olunur ki, son günlər ABŞ-yə məxsus iki hərbi təyyarənin vurulması və İran üçün müəyyən edilmiş 48 saatlıq müddətin başa çatmasına az qalması vəziyyəti daha da gərginləşdirib. Analitiklər hesab edir ki, prezidentin fasiləsiz iş rejiminə keçməsi yaxın saatlarda mühüm hərbi və ya diplomatik qərarların verilə biləcəyindən xəbər verir.


 


Firuzə Əliyeva


Sfera.az