Ermənistanda 2026-cı ilin iyununa təyin edilən parlament seçkiləri yaxınlaşdıqca, İrəvanla Moskva arasındakı gərginlik proqnozlaşdırılan pik həddə çatıb. Paşinyan hakimiyyətinin Qərbə meyilli xarici siyasət kursu və Rusiyanın təsir rıçaqlarından imtina cəhdləri Kremli daha radikal addımlar atmağa sövq edir. Rusiya rəhbərliyi artıq diplomatik etiketləri kənara qoyaraq, proseslərə açıq şəkildə müdaxilə etmək niyyətini nümayiş etdirir.




Bu gərginlik fonunda Rusiyanın seçkiöncəsi Ermənistana qarşı istifadə edə biləcəyi "təzyiq rıçaqları" və yarada biləcəyi problemlər ekspertlər tərəfindən ciddi müzakirə olunur.




Maraqlıdır, Rusiya seçkiöncəsi Ermənistana hansı problemlər yarada bilər?




Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, bu günlərdə Rusiya Ermənistana birbaşa seçki kampaniyası və ya seçki mövzusu ilə bağlı açıq təzyiq etməyi qarşısına məqsəd qoymayacaq.


 


Onun fikrincə, Rusiya bu seçkilərlə ciddi şəkildə maraqlanır və Paşinyanın yenidən hakimiyyətə gəlməsi Moskvanı uzunmüddətli perspektivdə Ermənistandan uzaqlaşmağa vadar edə bilər:




“Eyni zamanda Paşinyan ya Rusiya ilə münasibətləri daha da ciddiləşdirə, ya da əksinə, əlaqələrin zəifləməsi istiqamətində addımlar ata bilər. Buna görə də həm Rusiyada, həm də Ermənistanda Rusiyaya yaxın qüvvələr hesab edirlər ki, bu seçki Rusiya-Ermənistan münasibətləri və Rusiyanın Ermənistandakı nüfuzu baxımından həlledicidir. Düşünürəm ki, Rusiya Ermənistana əsasən seçki prosesi vasitəsilə təsir etməyə çalışacaq. Bu isə hansı formada baş verə bilər? Təbii ki, Rusiya özünə yaxın namizədin seçkidə iştirakını təmin etməyə və Rusiya meyilli qüvvələrin onun ətrafında birləşməsinə çalışacaq. Bildiyimiz kimi, Ermənistanda Rusiyanın təsir imkanları hələ də müəyyən səviyyədə qalmaqdadır və bu, seçkilərə də müəyyən təsir göstərir”.


 




Politoloqun sözlərinə əsasən, Rusiya özünün dəstəklədiyi şəxsi seçkiyə qədər ön plana çıxarmaqda maraqlıdır:




“Mən hesab edirəm ki, Moskva Ermənistanda özünə yaxın namizədin irəli sürülməsinə çalışacaq və sonradan həmin namizədin dəstəklənməsinə nail olmağa səy göstərəcək. Bununla belə, Rusiyada da bəziləri həmin namizədin seçkilərdə qalib gəlməsi və ya hakimiyyətə qədər yüksəlməsi məsələsinə skeptik yanaşa bilər. Çünki Ermənistanda Rusiya meyilli qüvvələrin səviyyəsinin hakimiyyətə gəlmək üçün yetərli olmadığı düşünülür. Bununla belə, müəyyən qədər səs toplamaq belə Rusiya üçün müəyyən siyasi nəticə hesab oluna bilər. Məncə, Rusiya seçkilərdə və ümumilikdə seçki prosesində Ermənistana öz namizədini irəli sürmək və ona dəstək vermək yolu ilə təsir göstərməyə çalışacaq. Əgər bu baş tutmazsa və ya Rusiyanın dəstəklədiyi namizədin seçkilərdə iştirakına ciddi maneələr yaranarsa, Rusiya seçki prosesini pozmağa yönəlmiş müəyyən addımlar da ata bilər”.




Bəsti Rəfizadə

Sfera.az