OPEC+ qlobal bazarda neft qiymətlərinin sürətlə yüksəlməsi fonunda hasilatın artırılması məsələsini gündəmə gətirə bilər. Kartel daxilində aparılan ilkin müzakirələrdə məqsədin həm qiymət artımını balanslaşdırmaq, həm də bazarda mümkün təchizat çatışmazlığının qarşısını almaq olduğu bildirilir.


 


Bəs hasilatın artırılması bu vəziyyətdə neftin ucuzlaşmasına imkan verə bilərmi?


 


Sfera.az-a bu barədə açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli bildirib ki, OPEC+ kimi istehsalçı ölkələr qrupu bazarda qiymətləri əsasən təklif vasitəsilə tənzimləməyə çalışır:


 


“Əgər neft bahalaşdıqdan sonra hasilat artırılarsa, bu, bazara əlavə neft çıxması deməkdir və normal şəraitdə qiymətlər üzərində aşağı yönlü təzyiq yaradır. Yəni məntiq sadədir: təklif artır, tələb eyni qalırsa və ya zəif artırsa, qiymət enməyə meylli olur. Bu baxımdan, hasilatın artırılması həqiqətən də neftin ucuzlaşmasına səbəb ola bilər. Amma bu təsir həmişə birbaşa və dərhal olmur. Çünki qiymətlər təkcə fiziki təkliflə yox, həm də gözləntilərlə formalaşır. Əgər bazar artıq OPEC+-un hasilatı artıracağını əvvəlcədən qiymətlərə daxil edibsə, real artım o qədər də kəskin ucuzlaşma yaratmaya bilər”.


 



İqtisadçı əlavə edib ki, digər tərəfdən, qlobal tələbat güclü qalarsa və ya geosiyasi risklər (müharibə, sanksiyalar və s.) davam edərsə, əlavə hasilat qiymətləri sadəcə sabitləşdirə bilər, amma ciddi endirməyə kifayət etməz:


 


“Bununla yanaşı, kartel daxilində intizam məsələsi də var. Əgər bəzi ölkələr kvotadan artıq istehsal edərsə, bu, bazara gözləniləndən daha çox neft çıxmasına və qiymətlərin daha sürətli düşməsinə səbəb ola bilər. Qısa desək, hasilatın artırılması prinsipcə neftin ucuzlaşmasına imkan verir, amma real nəticə qlobal tələbatın, bazar gözləntilərinin və geosiyasi faktorların necə dəyişəcəyindən asılıdır”.


 


Fidan Hacızadə

Sfera.az