İran Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossiyə ünvanladığı məktubda Buşehr nüvə stansiyasına edilən hücumları müharibə cinayəti adlandırıb.
Sfera.az “TASS” agentliyinə istinadən xəbər verir ki, AEOI-nin "Telegram" kanalında yayılan məlumata əsasən, Eslami bu hərəkəti Hərtərəfli Təminat Müqaviləsi və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) pozulması kimi qiymətləndirib.
O, bunu qlobal nüvə təhlükəsizliyi çərçivəsinə ciddi təhdid kimi təqdim edib.
Eslami həmçinin MAQATE-ni və Qrossini hücumlara qarşı hərəkətsiz qalmaqda tənqid edib. O vurğulayıb ki, sadəcə “dərin narahatlıq” ifadə etmək yetərli deyil, əksinə, bu cür bəyanatlar növbəti zərbələrə təşviq xarakteri daşıyır.
AEOI rəhbəri qeyd edib ki, Buşehr atom elektrik stansiyasının (AES) 1-ci blokuna edilən dördüncü hücum radioaktiv materialların yayılma riskini artırır. Bu isə əhali, ətraf mühit və qonşu ölkələr üçün ağır nəticələr doğura bilər. Eslami bildirib ki, İran nüvə enerjisi sektorundakı suveren hüquqlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcək.
Şənbə günü MAQATE Buşehr AES yaxınlığında daha bir hücum barədə xəbər yayıb. Hücum nəticəsində əsas infrastruktur zədələnməsə də, mərmi obyektin yaxınlığına düşüb və təhlükəsizlik işçilərindən biri həlak olub. Agentlik bəyan edib ki, nüvə stansiyası obyektlərinə və bitişik ərazilərə edilən hücumlar qəbuledilməzdir.
Fidan Hacızadə
Sfera.az