2026 FIFA Dünya Kubokuna sayılı günlər qalıb.
Sfera.az xəbər verir ki, tarixdə ilk dəfə 48 komanda ilə keçiriləcək tur ABŞ, Meksika və Kanadada təşkil olunacaq. Açılış oyunu 11 iyun, cümə axşamı günü “Mexico City” stadionunda keçiriləcək, final isə 19 iyul, bazar günü, 82 500 yerlik “New Jersey” stadionunda oynanacaq. Tur boyunca 16 fərqli stadionda, 4 fərqli saat zonasında ümumilikdə 104 oyun keçiriləcək.
Oyunların 78-i ABŞ-də baş tutacaq. “Qətər 2022”-də 7 milyard dollar gəlir əldə edən FIFA, 2026 üçün bu rəqəmin 11 milyard dollar olacağını proqnozlaşdırır. 48 komandalı formatda Kabo-Verde, Curaçao, İordaniya və Özbəkistan ilk dəfə Dünya Kubokunda iştirak edəcək. 83 min yerlik “Mexico City” stadionu Dünya Kuboku tarixində 3 dəfə açılış oyununa ev sahibliyi edən ilk stadion olacaq. 1970 və 1986-cı illərdə də açılış oyunları burada keçirilmişdi. 2026-da isə Meksika-Cənubi Afrika oyunu ilə tarixə düşəcək. Turun ən böyük stadionu 94 min yerlik “Dallas” stadionu, ən kiçiyi isə 45 min yerlik “Toronto” stadionu olacaq.
Niyaz Hacıyev
Sfera.az