ABŞ Prezidenti Donald Tramp İranla davam edən müharibənin milyardlarla dollarlıq xərclərini ərəb ölkələrinin qarşılaması variantını nəzərdən keçirir.
Sfera.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt brifinq zamanı məlumat verib. Livitt bildirib ki, prezident Tramp region ölkələrinin maliyyə yükünü bölüşməsində olduqca maraqlıdır.
Onun sözlərinə görə, bu, Trampın hələdən bəri düşündüyü bir ideyadır və yaxın vaxtlarda prezidentin bu məsələ ilə bağlı daha konkret bəyanatlar verəcəyi gözlənilir. Hazırda ABŞ-nin İrandakı hərbi əməliyyatlarının xərcləri sürətlə artmaqdadır. Pentaqonun son hesabatlarına görə, müharibənin yalnız ilk 12 gününün maliyyə yükü təxminən 16,5 milyard dollar təşkil edib.
Ağ Evin isə konqresdən bu münaqişə üçün ümumilikdə 200 milyard dollar vəsait tələb etməyə hazırlaşdığı bildirilir. Ekspertlər qeyd edirlər ki, Trampın bu tələbi regionda ciddi diplomatik gərginliyə səbəb ola bilər. Belə ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Qətər kimi ölkələr onsuz da İranın raket zərbələrindən birbaşa zərər görürlər. Xüsusilə Qətərin "Ras Laffan" qaz obyektinə dəyən ziyanın bərpası üçün 20 milyard dollar vəsait lazım olduğu bir vaxtda, Vaşinqtonun onlardan əlavə ödəniş tələb etməsi müttəfiqlik münasibətlərini sınağa çəkə bilər. Xatırladaq ki, Tramp hələ birinci prezidentliyi dövründə də müttəfiqlərin təhlükəsizlik xərclərini özlərinin ödəməli olduğunu dəfələrlə vurğulamışdı.
Görünən odur ki, "Öncə Amerika" strategiyası İranla müharibə fonunda yeni bir mərhələyə qədəm qoyur.
Firuzə Əliyeva
Sfera.az