Son dövrlərdə müşahidə olunan intensiv və uzunmüddətli yağışlar kənd təsərrüfatı sahəsində ciddi narahatlıqlara səbəb olur. Xüsusilə yaz mövsümündə meyvə ağaclarının çiçəkləmə mərhələsi ən həssas dövrlərdən biri hesab olunur və bu mərhələdə hava şəraitindəki dəyişikliklər məhsuldarlığa birbaşa təsir göstərə bilər.


 


Bu isə təkcə məhsulun həcminə deyil, həm də keyfiyyətinə və nəticə etibarilə bazar qiymətlərinə təsir göstərə bilər.


 


Maraqlıdır, son dövrlərdə müşahidə olunan intensiv və uzunmüddətli yağışların yaz mövsümündə çiçəkləmə mərhələsində olan meyvə ağaclarına təsiri nə dərəcədə kritikdir? Bu cür hava şəraiti məhsuldarlığa, gələcəkdəki satış qiymətlərinə və xəstəlik risklərinə necə təsir edir və bu riskləri azaltmaq üçün hansı qabaqlayıcı tədbirlər görülməlidir?


 


Aqrar ekspert Allahverdi Mustafayev Sfera.az-a açıqlamasında bildirib ki, intensiv yağışların məhsuldarlığa təsiri var. Onun sözlərinə görə, proses ardıcıl və davamlı şəkildə baş verərsə təsir daha böyük olar:


 


“Ona görə ki, 10 dərəcədən yuxarı temperaturda bitki inkişafa başlayır. 15 dərəcəyə qədər temperaturda çiçəklənmə gedir amma mayalanma getmir. Mayalanma prosesi temperatur 15 dərəcədən yuxarı olduqda gedir. Temperaturun belə aşağı düşməsinin təsiri var. Yağışlar tozlanma əməliyyatına təsir edir və prosesi ləngidir. Amma yağıntıların ardıcıl olmaması müsbət haldır. Qabaqlayıcı tədbirlərə gəldikdə, dünya təcrübəsində qoruyucu setkalardan istifadə olunur”.


 


Ekspert yağışın həftələrlə davam etməsinin xüsusi riskli ola biləcəyini əlavə edib:


 


“Orta boyda olan alma ağacında 50 minə qədər çiçək varsa, onun 10 dəfə aşağısı, 5 minə qədər məhsul yığılır. Əsas çiçəklərin hamısının meyvəyə çevrilməsi deyil, əsas əmələ gələn meyvələrin keyfiyyətini artırmaqdır. Say etibarilə aşağı ola bilər, amma keyfiyyəti yüksək məhsul istehsal etmək lazımdır. Davamlı və həftələrlə davam edən yağış olsa prosesə mənfi təsir edəcək. Amma hələki bir çox bitkilər çiçək açmayıb. Hələlik narahat olmağa dəyməz”.


 


Niyaz Hacıyev


Sfera.az