Aprelin 1-dən 2-nə keçən gecə böyük ümidlərlə kosmosa göndərilən "Artemis 2" missiyası bu gün özünün ən kritik və tarixi anlarını yaşayır. Gəminin göyərtəsindəki dörd astronavt artıq Ayın cazibə sahəsinə daxil olub və bu gün Bakı vaxtı ilə saat 18:50-də missiyanın altıncı gününə start verəcəklər.
Sfera.az xəbər verir ki, bu günün əsas əhəmiyyəti bəşəriyyət tarixinin ən böyük məsafə rekordunun yenilənməsi ilə bağlıdır.
Bakı vaxtı ilə saat 21:56-da "Artemis 2" heyəti Yer kürəsindən ən çox uzaqlaşan insanlar kimi tarixə düşəcəklər. Belə ki, illər əvvəl "Apollo 13" tərəfindən 400 min kilometr məsafə ilə qoyulan rekord bu gün 406 min kilometrə çatdırılacaq. Bu tarixi rekord qırıldığı an astronavtların kosmosun dərinliklərindən Yerə səsli mesaj göndərməsi və Ayın ətrafında dövr etmək üçün son hazırlıqları tamamlaması gözlənilir.
Tarixi missiyanın ən həyəcanlı hissəsi saat 21:00-dan etibarən dünya ictimaiyyətinə canlı təqdim olunacaq. Ayın ətrafında uçuş prosesi saat 22:45-də başlasa da, əsl sınaq gecə saat 02:47-də reallaşacaq. Gəmi Ayın görünməyən tərəfinə keçdiyi üçün Yerlə əlaqə təxminən 40 dəqiqə müddətinə tamamilə kəsiləcək. Bu sükut anında heyət Ayın səthinə ən yaxın nöqtədən keçərək kosmik cismi həm cihazlarla, həm də çıplak gözlə müşahidə edəcək. Mütəxəssislər bildirirlər ki, bu dəfə Ayın "qaranlıq tərəfi" əvvəlki missiyalardan fərqli olaraq daha aydın və yüksək keyfiyyətdə görüntülənəcək.
Bəsti Rəfizadə
Sfera.az