Yaxın Şərqdə son dövrlərdə artan gərginlik, qarşılıqlı ittihamlar və hərbi ritorikanın sərtləşməsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. ABŞ və İran arasında davam edən siyasi və hərbi qarşıdurma fonunda verilən açıqlamalar regionda təhlükəsizlik mühitinin daha da həssaslaşdığını göstərir.


 


İran İslam Respublikası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf bəyan edib ki, ABŞ-nin Yaxın Şərqdəki hərəkətləri bütün regionu “yerlə-yeksan edə” və hər bir ailə üçün “cəhənnəmə” çevirə bilər.


 


Bu cür sərt ritorika regionda real genişmiqyaslı münaqişə riskinin artdığını göstərirmi?


 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, Qalibafın açıqlaması və ritorikasındakı sərt ton regiondakı gərginliyin səviyyəsinin göstəricisidir. Onun sözlərinə görə, Qalibafın sözləri həm daxili auditoriyaya, həm də xarici tərəflərə mesajdır:


 



 


“Tehran Yaxın Şərqdə ABŞ və onun müttəfiqləri tərəfindən görüləcək hər hansı hərəkətə qarşı ciddi cavab verəcəyini göstərmək istəyir. Bu ritorikanın real təhlükə potensialını qiymətləndirmək üçün bir neçə amili nəzərə almaq lazımdır. İlk növbədə, bu, klassik diplomatik hədəfli gərginlik artırıcı taktika kimi çıxış edir. İran yüksək ritorika ilə ABŞ və İsrailin regiondakı mövqelərini sınağa çəkir, həmçinin regional və beynəlxalq ictimaiyyət üzərində siyasi və psixoloji təzyiq yaratmağa çalışır. Bu, həm də daxili siyasətdə rejimin mövqeyini gücləndirmək üçün istifadə edilən bir mexanizmdir”.


 


Politoloq qeyd edib ki, Tehran hələlik Hörmüz boğazı, raket sistemləri və proksi qruplar vasitəsilə təsirini göstərməkdədir:


 


“Qalibafın da bu təsirlər fonunda verdiyi bəyanat strateji çəkindirmə mexanizmi kimi çıxış edir. İran ABŞ və İsrailin hücumları fonunda Körfəz ölkələrini hədəfə almaqla əslində nələr edə biləcəyini göstərib. Başqa sözlə desək münaqişə başlayarakən Türkiyə Xarici İşlər Naziri Hakan Fidanın dediyi kimi “İran deyir ki, mən məhv oluramsa bütün region məhv olsun”. İndi də Qalibafən cəhənnəm vədi İranın daha da uzağa gedə biləcəyinə işarədir. Bu Körfəz ölkələri ilə yanaşı artıq enerji qiymətləri ilə bağlı çətinliklərlə üzləşən Qərb aktorları üçün də mesajdır. Şübhəsiz ki, bu şəkildə sərt ritorika və atılan addımlar genişmiqyaslı eskalasiya riskini artırır. Ümumiləşdirərək deyə bilərik ki, Qalibafın sərt ritorikası regionda gərginliyin yüksək olduğunu və qarşıdurmanın genişlənmə potensialının mövcud olduğunu göstərir”.


 


Niyaz Hacıyev


Sfera.az