Əfqanıstan və Pakistan arasındakı münaqişənin həlli ilə bağlı ötən həftə Çinin Urumçi şəhərində başlanmış danışıqlar aprelin 9-dək davam edəcək.
Sfera.az xəbər verir ki, bu barədə Əfqanıstanın “TOLO News” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun inzibati mərkəzi olan Urumçidə keçirilən görüşlərdə tərəflər arasında aparılan dialoq müsbət nəticələr verib.
Məlumata görə, danışıqlar Əfqanıstan-Pakistan münasibətlərində artan gərginlik fonunda xüsusi əhəmiyyət daşıyır.
Xatırladaq ki, fevralın 26-sı axşam saatlarında Pakistan-Əfqanıstan sərhədində toqquşmalar yenidən başlayıb. Kabil rəsmiləri Pakistanın Əfqanıstan ərazisinə endirdiyi son hava zərbələrinə cavab olaraq hərbi əməliyyatlara başladıqlarını bəyan ediblər.
Pakistanın müdafiə naziri Xavaca Asif isə ölkəsi ilə Əfqanıstanda hakimiyyətdə olan "Taliban" hökuməti arasında açıq silahlı münaqişə vəziyyətinin yarandığını bildirib.
Hazırda Urumçidə aparılan danışıqların bölgədə gərginliyin azaldılması və mümkün siyasi həll yollarının tapılması baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanır.
Fidan Hacızadə
Sfera.az