ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açılmayacağı təqdirdə İran infrastrukturunu, xüsusilə enerji obyektlərini, körpüləri və neft sahələrini hədəf alacaqlarını bildirib. Tramp bu əməliyyatın nəticəsində İranın neftini nəzarətə götürəcəklərini qeyd edib.




Politoloq Züriyə Qarayeva Sfera.az-a açıqlamasında bildirib ki, Tramp “nefti nəzarətə götürmək” hədəsini işlədərkən neft-qaz kəmərlərinin və ixrac şəbəkəsinin nəzarətə götürülməsini, idarə olunmasını nəzərdə tutur:


 





"Bu, əsasən dəniz nəqliyyatına nəzarət, sanksiyaların sərtləşdirilməsi, tanker marşrutlarının bloklanması, sığorta və maliyyə kanallarının bağlanması kimi alətlərlə həyata keçirilə bilər. Bu tədbirlərdə məqsəd İranın neftini fiziki olaraq ələ keçirməkdən daha çox, onun bazara çıxarılmasının qarşısını almaqdır. Bu, ABŞ-nin daha əvvəl də tətbiq etdiyi “maksimum təzyiq” strategiyasının genişləndirilmiş formasıdır".




Ekspert vurğulayıb ki, ABŞ-nin İranın neft yataqlarını işğal etməsi real və yüksək ehtimal olunan ssenari deyil:


 


"Çünki bu, həm regional müharibəni genişləndirər, həm də ciddi beynəlxalq hüquq və təhlükəsizlik böhranı yaradar. Belə bir addım yalnız Hörmüz boğazı tam bağlanarsa və qlobal enerji bazarına ağır zərbə dəyərsə mümkündür. Amma istənilən halda belə bir əməliyyat çox böyük risklər yaradır. Buna görə də “nəzarətə götürmək” ifadəsi daha çox işğal variantını yox, iqtisadi və logistik təzyiq mexanizmlərini nəzərdə tutur”.




Fidan Hacızadə

Sfera.az