Xəzər sahilində yerləşən “Sea Breeze” turizm və yaşayış kompleksində bu il iri həcmli yaşıllaşdırma işləri aparılacaq.
Sfera.az xəbər verir ki, layihə ilə bağlı məlumatı kompleksin yaradıcısı, iş adamı Emin Ağalarov sosial şəbəkə hesabında paylaşıb.
Onun sözlərinə görə, 2026-cı il ərzində “Sea Breeze” ərazisinə 30 milyon dollardan artıq dəyərdə yaşıllaşdırma elementləri gətiriləcək. Layihə çərçivəsində çimərlik infrastrukturunun daha da inkişaf etdirilməsi nəzərdə tutulub.
Bildirilib ki, hər il ərazidə hovuzlar, uşaq meydançaları, fudkortlar və ictimai iaşə obyektləri yaradılır. Bununla yanaşı, geniş ərazinin saxlanılması ciddi əmək və resurs tələb edir. Qeyd olunub ki, ağacların budanması, bitkilərin suvarılması, işıqlandırma sistemlərinin işlək vəziyyətdə saxlanılması, ərazinin təmizliyi, eləcə də deformasiyaya uğramış tamet daşları və bordürlərin yenilənməsi üçün böyük komanda fasiləsiz fəaliyyət göstərir.
Emin Ağalarovun sözlərinə görə, layihənin əsas məqsədi “Sea Breeze” çimərliyini gələcəkdə 20 kilometrlik nəhəng promenada çevirməkdir. Plana əsasən, ərazidə piyadalar və qolf-karlar üçün ayrıca hərəkət zolaqları yaradılacaq, avtomobillərin hərəkəti isə minimuma endiriləcək.
Layihə konsepsiyası ekoloji yanaşmaya əsaslanıb. Belə ki, ərazi milyonlarla müxtəlif bitki və ağacla zəngin “eko-çimərlik” formatında formalaşdırılacaq. Paylaşılan məlumata görə, artıq böyümüş, hündürlüyü 7-12 metrə çatan iri ağacların 80 faizi xüsusi yük maşınları vasitəsilə əraziyə gətirilir.
Qeyd edilib ki, təkcə bu il “Sea Breeze”ə yaşıllaşdırma məqsədilə min yük maşını bitki və ağac materialı çatdırılacaq. Layihənin çimərlik zonasının həm turizm cəlbediciliyini artıracağı, həm də sakinlər üçün daha komfortlu və ekoloji mühit yaradacağı gözlənilir.
Bəsti Rəfizadə
Sfera.az