Bir neçə Avropa İttifaqı (Aİ) diplomatı, rəsmisi, qanunvericisi və eksperti ilə söhbət edən “Politico” nəşrinin məlumatına görə, Aİ Ukraynanın maliyyələşdirilməsi və İrandakı hərbi əməliyyatlara cavab daxil olmaqla bir sıra məsələlərdə vahid qərarlar qəbul edə bilmir.
Sfera.az xəbər verir ki, bu, ittifaq daxilində sistemli iflicin göstəricisi hesab olunur.
Avropa Parlamentinin ispaniyalı üzvü Naço Sançes Amor nəşrə bildirib ki, qərar qəbulu ilə bağlı ciddi problemlər var. O qeyd edib ki, hər ay bu cür hallar baş verir.
Qəzet Aİ-nin Qərb Şəriyəsində (İordaniya çayının qərb sahili – red.) israillilərin köçürülməsinə reaksiya verə bilməməsinə diqqət çəkib. Nəşr qeyd edib ki, Aİ ölkələrinin əksəriyyəti İsrail sakinlərinin fələstinlilərin hüquqlarını pozduğuna inanır.
“Məskunlaşanlara qarşı sanksiyalar tam bir fəlakətdir. 27 üzv dövlətdən 26-sı sanksiyaları dəstəklədi, hətta Almaniya belə, amma bir ölkəyə görə biz heç nə edə bilmirik”, – deyə adı çəkilməyən rəsmi bildirib. “Politico” qeyd edir ki, bu məhdudiyyətlər Macarıstan tərəfindən bloklanıb.
Bundan əlavə, Aİ Rusiyaya qarşı sanksiyalar və Ukraynaya verilən 90 milyard avroluq kredit məsələsində də fikir ayrılığı yaşayır. Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen mart ayında bildirib ki, Macarıstanın Baş naziri Viktor Orbanın mövqeyi səbəbindən Kiyevə 2026 və 2027-ci illər üçün nəzərdə tutulmuş hərbi maliyyələşdirmə hələ də bloklanıb.
Niyaz Hacıyev
Sfera.az