İranda davam edən kütləvi etirazlar fonunda tətbiq edilən internet məhdudiyyətləri dünya miqyasında rekord həddə çatıb. Beynəlxalq monitorinq qrupları ölkədəki vəziyyəti "rəqəmsal blokada" kimi qiymətləndirir.
Sfera.az xəbər verir ki, qlobal internet monitorinq xidməti olan “NetBlocks” İrandakı son vəziyyətlə bağlı statistikanı açıqlayıb.
Məlumata görə, ölkədə internet bağlantısı artıq 900 saatdan çoxdur ki, tamamilə kəsilib.
Qurumun hesabatında qeyd olunub ki, bu, indiyə qədər dünya tarixində qeydə alınan ən uzunmüddətli ölkəmiqyaslı internet kəsilməsidir. Artıq 38 gündür ki, İran xalqının dünya ilə rəqəmsal əlaqəsi faktiki olaraq kəsilib.
Mütəxəssislər bildirib ki, bu kəsilmə yalnız məlumat mübadiləsini deyil, həm də ölkə iqtisadiyyatını iflic vəziyyətinə salıb. 38 gündür davam edən bu "qaranlıq" dövrü həm sosial media platformalarına çıxışı, həm də bank və digər onlayn xidmətlərin fəaliyyətini qeyri-mümkün edib.
Xatırladaq ki, İranda etiraz dalğası başladıqdan sonra hökumət informasiya axınının qarşısını almaq üçün şəbəkəni tamamilə söndürmək yolunu seçib. Beynəlxalq təşkilatlar bu addımı insan haqlarının və ifadə azadlığının kobud şəkildə pozulması kimi dəyərləndirir.
Bəsti Rəfizadə
Sfera.az