"Əli və Nino" kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli ilə "Liv Bona Dea Hospital" arasındakı məhkəmə prosesində gözlənilməz məqamlar üzə çıxıb.
Sfera.az xəbər verir ki, bu barədə tanınmış iş xanımı öz sosial şəbəkə hesabında məlumat paylaşıb.
N. Köçərlinin sözlərinə görə, bu gün Nəsimi Rayon Məhkəməsində xəstəxananın ona qarşı qaldırdığı iddia üzrə növbəti iclas keçirilib.
Məhkəmə prosesinin gedişatını şərh edən Nigar Köçərli qeyd edib ki, klinika özünün beynəlxalq şəbəkəyə aid olduğunu sübut edə bilmir:
"İclas zamanı müəyyən oldu ki, “Bona Dea” şirkəti onun məşhur “Liv Hospital” şəbəkəsinə aid olduğunu təsdiq edəcək heç bir sənədi məhkəməyə təqdim etməyib. Mən əməliyyat üçün xəstəxana seçərkən məhz “Liv” adına güvənərək oraya müraciət etmişdim".
İş xanımı bildirib ki, seçimində əsas amil "Liv Hospital" brendinin beynəlxalq standartları və nüfuzu olub. Lakin hazırkı vəziyyət onda ciddi şübhələr yaradıb:
"Xatırladım ki, “Liv Hospital” yüksək beynəlxalq standartlarla işləyən klinika şəbəkəsidir. Mən bilsəydim ki, “Bona Dea” bu şəbəkənin filialı deyil, heç zaman onlara müraciət etməzdim".
Qeyd edək ki, tərəflər arasındakı hüquqi müstəvidə davam edən mübahisə ilə bağlı növbəti məhkəmə iclası mayın 5-nə təyin edilib.
Bəsti Rəfizadə
Sfera.az