İspaniyada fəaliyyət göstərən beynəlxalq tədqiqat qrupu insan orqanizmində təbii şəkildə mövcud olan dermisidin molekulunun qrip virusuna qarşı effektiv ola biləcəyini açıqlayıb.




Sfera.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmaya görə, dəridə və bədən mayelərində ifraz olunan bu təbii maddə indiyədək bakteriya və göbələklərə qarşı təsiri ilə tanınsa da, ilk dəfə olaraq antiviral xüsusiyyət göstərdiyi sübut edilib.


 


Tədqiqat həm laboratoriya şəraitində, həm də heyvan modellərində aparılıb.




Tədqiqat nəticələrinə əsasən, dermisidin virusun hüceyrəyə daxil olmasında mühüm rol oynayan hemoqlütinin (hemagglutinin) adlı zülala bağlanır. Bu bağlanma virusun strukturunu dəyişdirir və onu hüceyrəyə daxil olmadan təsirsiz hala gətirir.




Alimlər qeyd edirlər ki, bu mexanizm hazırda istifadə olunan antiviral dərmanlardan fərqlənir. Mövcud müalicələr, əsasən, neyraminidaza fermentini hədəf alsa da, zamanla bu dərmanlara qarşı müqavimət yarana bilir.




Araşdırma zamanı məlum olub ki, dermisidin yalnız tərdə deyil, həm də burun axıntısı, tüpürcək və göz yaşında da mövcuddur. Bu isə onun tənəffüs yolu ilə yayılan viruslara qarşı ilk müdafiə xəttində mühüm rol oynadığını göstərir.




Bundan əlavə, qrip simptomları olmayan şəxslərdə bu molekulun səviyyəsinin altı dəfəyə qədər yüksək olduğu müəyyən edilib. Alimlər hesab edirlər ki, dermisidin virusun daha sabit hissələrini hədəf aldığı üçün müxtəlif qrip növlərinə qarşı təsirli ola bilər. Eyni zamanda, bu mexanizmin qızılca virusu və bəzi koronaviruslara qarşı da işləyə biləcəyi ehtimal olunur.




Tədqiqatçılar dermisidinin gələcəkdə geniş spektrli antiviral müalicə üsullarının hazırlanmasında mühüm rol oynaya biləcəyini bildirirlər.




Fidan Hacızadə

Sfera.az