İran Parlamenti Hörmüz boğazı üzərində nəzarəti sərtləşdirmək və yeni tənzimləmələr tətbiq etmək üçün hərəkətə keçib.




Sfera.az bildirir ki, bu barədə İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rezai məlumat verib.




Sözçünün sözlərinə görə, komissiyanın çərşənbə axşamı keçirilən iclasında Hörmüz boğazı və Fars körfəzinin təhlükəsizliyinin təmin edilməsi üçün “Strateji fəaliyyət planı” müzakirə olunub. Rezai qeyd edib ki, hazırlanan yeni təklifin bəzi hissələri artıq komissiya səviyyəsində təsdiqlənib.




İbrahim Rezai bu addımın əsas məqsədlərini belə sıralayıb:




İran İslam Respublikasının bölgədəki suveren hüquqlarını daha qəti şəkildə nümayiş etdirmək;

Boğazdan keçid və istifadə qaydaları üçün yeni tənzimləmələr və rejim formalaşdırmaq;

Hörmüz boğazı üzərində idarəetməni "ağıllı şəkildə" həyata keçirmək üçün qanunvericilik bazası yaratmaq.




"İran İslam Respublikası Hörmüz boğazını idarə etmək və ona ağıllı şəkildə nəzarət etmək əzmindədir. Bu qanun layihəsi boğazın yeni rejiminin müəyyən edilməsi üçün çərçivə yaradacaq", - deyə deputat vurğulayıb.




Məlumata görə, komissiya səviyyəsində araşdırmalar başa çatdıqdan sonra sənəd yekun təsdiq üçün Parlamentin ümumi iclasına (Məclisə) təqdim olunacaq.

Xatırladaq ki, Hörmüz boğazı dünya neft ticarətinin mühüm arteriyası hesab olunur və Tehranın bu strateji su yolu ilə bağlı atacağı hər hansı yeni hüquqi addım beynəlxalq enerji bazarları tərəfindən yaxından izlənilir.




Bəsti Rəfizadə

Sfera.az