Uşaqlıq hər bir insanın həyatında iz buraxan, rəngarəng və qayğısız illərdir. O dövrü xatırlayanda ilk ağla gələn isə oyunlardır. “Yeddi şüşə”, “gizlənqaç”, “rezin”, “uzundərə”… bu oyunlardan bəziləridir.  Bu oyunlar sadəcə əyləncə yox, eləcə də dostluğu, paylaşmağı, komanda ruhunu və risklə hesablaşmağı öyrədən həyat məktəbi idi.




Sfera.az xəbər verir ki, 80-90-cı illərdə uşaqlar həyəti öz “kiçik dövləti” kimi qurur, qaydalar təyin edir və hər kəsin rolu olurdu. Qışda qar üzərində kartof oyunu, yayda futbol – hər oyun həm fiziki, həm də sosial bacarıqları inkişaf etdirirdi. “Klassik” oyunlar – "gizlənqaç", "beşdaş", "çilingağac", "bənövşə" və s. uşaqlara sürət, çeviklik və kollektivdə işləməyi öyrədirib. Bu dostluqlar bəzən məktəb dostluğundan da möhkəm olurdu.




Ekran oyunları ilə yeni dövr




2000-ci illərdən uşaqların dünyasına kompüter, mobil telefon və internet daxil oldu. “Minecraft”, “Roblox”, “PUBG”, “Fortnite” kimi oyunlar fiziki deyil virtual bacarıqları inkişaf etdirir. Uşaqlar qonşu ilə ünsiyyət qurmadan bir otaqda ekran qarşısında “dünya” qura bilir. Uzun ekran istifadəsi isə sosial izolyasiya, diqqət dağınıqlığı və fiziki problemlərə – görmə zəifliyi, duruş pozğunluğu, piylənmə riskinə səbəb olur.




Ekspertlər bildirirlər ki, uşaqların həm fiziki oyunlara, həm idmana, həm də ekran oyunlarına vaxt ayırması vacibdir. Onlar vurğulayırlar ki, şəhərsalma layihələrində açıq və təhlükəsiz oyun sahələrinin qorunması, eləcə də məktəblərdə ənənəvi oyun günlərinin təşkili həm tarixi, həm də sosial bacarıqları gücləndirir.


 


Mənsumə

Sfera.az