Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Rusiyaya mümkün enerji atəşkəsi təklif edib. Onun sözlərinə görə, Kiyev enerji sektoruna hücumların dayandırılmasına eyni şəkildə cavab verəcək.




Putinin Zelenskinin təklifi ilə razılaşması gözləniləndirmi? 




Sfera.az-a bu barədə açıqlama verən politoloq Elçin Xalidbəyli Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinə enerji atəşkəsi təklif etməsinin olduqca təqdirəlayiq addım olduğunu söyləyib: 




“Hazırda hər iki tərəf bir-birinin enerji sektorlarına dağıdıcı hərbi zərbələr endirir. Nəticədə bu sahədə ciddi dağıntılar baş verir, enerji istehsal edən stansiyalar sıradan çıxır. Buna paralel olaraq mülki əhali də ciddi problemlərlə üzləşir. Çünki hər iki ölkədə enerji böhranı birbaşa insanların gündəlik həyatına sarsıdıcı təsir göstərir. Bu baxımdan Prezident Zelenskinin təklifi hər iki tərəf üçün məqbul variant kimi görünür. Ancaq prezident Putinin bu təklifə müsbət reaksiya vermə ehtimalı o qədər də yüksək deyil. Çünki Rusiya hazırda Ukraynanın tam çökdürülməsi və nəzarət altına alınması istiqamətində addımlar atmağa çalışır. Rusiyanın hərbi cəhətdən zəifləməsinə baxmayaraq, Kremldə hələ də bu hədəfə çatmağın mümkünlüyünə ümid bəslənir”.


 





Politoloq digər tərəfdən, Yaxın Şərqdə baş verən hadisələr, xüsusilə də müharibənin intensivləşməsinin Rusiya üçün yeni ümidlər yaratdığını qeyd edib: 




“Çünki Yaxın Şərqdəki savaş həm ABŞ-nin, həm də Qərb dövlətlərinin əsas diqqətini Ukraynadan yayındırıb. Hazırda qlobal gündəmdə daha çox Yaxın Şərqdəki qarşıdurma ön plandadır və beynəlxalq aktorlar əsasən bununla məşğuldurlar. Hətta Prezident Zelenski də bir müddət əvvəl etiraf etmişdi ki, Ukrayna müharibəsi ikinci plana keçib. ABŞ-nin Ukraynaya dəstəyi dayanıb, Avropa ölkələrindən də əvvəlki səviyyədə yardım göstərilmir. Bütün bunları nəzərə aldıqda, Rusiya Yaxın Şərqdəki savaşdan maksimum dərəcədə faydalanmağa çalışır və dünyanın diqqətinin bu bölgəyə yönəlməsini öz xeyrinə çevirməyə cəhd göstərir. Bu baxımdan, bütün diqqətlərin Yaxın Şərqə yönəldiyi bir mərhələdə Rusiya Ukrayna üzərində daha böyük üstünlük qurmağa çalışır. Ona görə də Rusiyanın Zelenskidən gələn bu təklifə müsbət reaksiya vermə ehtimalı o qədər də yüksək görünmür”.




Fidan Hacızadə

Sfera.az